Söz azadlığı təhqir azadlığı demək deyil

Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkəmizdə hər bir vətəndaşın söz və fikir azadlığı, vicdan və din seçmək hüququ qanunla təmin olunur. İnsan öz düşüncəsini sərbəst ifadə edə, hər hansı dinə etiqad edə və ya ümumiyyətlə dini inanca sahib olmaya bilər.

Lakin azadlığın da sərhədi var. Heç bir insanın fikir azadlığı başqasının inancını, əqidəsini və mənəvi dəyərlərini təhqir etmək hüququ vermir.

Təbii ki, hər kəs istəyir ki, qarşısındakı insan onun kimi düşünsün. Bu, müəyyən mənada insani və normal haldır. Amma fərqli düşünən insanı öz fikrinə dəvət etməyin yolu təhqir, aşağılama və məsxərə deyil. Bunun yolu sivil, mədəni və arqumentli dialoqdur.

 

Ateist olmaq ayrı, dindarları təhqir etmək ayrı

Son dövrlər sosial şəbəkələrdə “Çevik” ləqəbi ilə çıxış edən Məqsəd adlı şəxsin dini mövzulu paylaşımları ciddi müzakirələrə səbəb olur.

Ölkəmizin qanunlarına görə, insan ateist mövqedə dayana və “Allah yoxdur” fikrini müdafiə edə bilər. Bu, onun şəxsi seçimidir. İnanclı insanların dini baxışına görə isə belə bir mövqe İslam inancından kənar hesab olunur. Lakin dindar insanların ateistlərə münasibəti də qanun və qarşılıqlı hörmət çərçivəsində olmalıdır.

Amma məsələ insanları dini inancına görə məsxərəyə qoymağa, təhqir etməyə, onların müqəddəs hesab etdiyi dəyərləri aşağılamağa və bunu kütləvi şəkildə sosial şəbəkələrdə yaymağa keçirsə, artıq cəmiyyətin diqqət yetirməli olduğu başqa bir məsələ ortaya çıxır.

Xüsusilə dini savadı zəif olan insanların bəzi xurafat və yanlış təsəvvürlərini bütövlükdə İslam dininin əsas prinsipləri kimi təqdim etmək sağlam müzakirə deyil. Dini tənqid etmək başqa şeydir, dindarı təhqir etmək isə tamam başqa.

Mənim fikrimcə, “Çevik”in istifadə etdiyi bir sıra ifadələr heç bir əxlaqi və etik çərçivəyə sığmır.

Azərbaycan cəmiyyətinin böyük hissəsi özünü müsəlman hesab edir və Allaha inanır. Bu inanc milyonlarla insanın şəxsi və mənəvi dünyasının ayrılmaz hissəsidir.

Şəhid analarının, atalarının və yaxınlarının övladlarının Allah dərgahında olduğuna, şəhidlərin cənnətdə olduğuna dair dini inamları onların mənəvi təsəllisidir. “Şəhid” və “qazi” anlayışlarının özündə də İslam dini ilə bağlı mühüm dini-mənəvi məna var. Bu dəyərləri aşağılamaq insanların ən həssas mənəvi hisslərinə toxunmaq deməkdir.

Belə bir cəmiyyətdə dini inanclara münasibətdə xüsusilə diqqətli və məsuliyyətli olmaq lazımdır. Hətta insan özü ateist olsa belə, milyonlarla insanın inancını təhqir etmək cəmiyyətdə ciddi narazılıq və gərginlik yarada bilər.

 

Dünyəvi dövlət dinsiz cəmiyyət demək deyil

Azərbaycan dövlətinin dünyəvi olması heç də cəmiyyətin dinsiz olması demək deyil. Dünyəvi dövlət dindarın da, ateistin də, başqa inanca sahib şəxsin də hüquqlarını qoruyan dövlətdir.

Ölkə Prezidentinin Qurani-Kərimə and içməsi də təsadüfi deyil.

Azərbaycan Respublikasının Prezidenti vəzifəyə başlayarkən Konstitusiyada nəzərdə tutulan and mərasimində Qurani-Kərimə əl basaraq and içir. Bu fakt Azərbaycan cəmiyyətində İslam dininin tarixi, milli və mənəvi rolunu göstərən nümunələrdən biridir.

“Çevik”in iddiasına görə isə ölkə başçısı ilahi kitaba deyil, sadəcə “ərəb rəvayətləri” kitabına əl basır. Sual yaranır: bu ifadə dövlət başçısının inancına və şəxsiyyətinə qarşı hörmətsizlik deyilmi?

Qarabağ səfərləri zamanı ölkə rəhbərinin ziyarət etdiyi məscidləri də görürük. “Çevik” bunları görmürmü? Təbii ki, görür və bilir.

Anlamaq lazımdır ki, dini inancları aşağılayan ifadələrə “bu, sadəcə fikir azadlığıdır” deyərək məsuliyyətsiz yanaşmaq doğru deyil.

İnsan ateist və ya deist ola bilər. Lakin bunun ardınca dindar insanları təhqir etmək, onların müqəddəs saydığı dəyərləri alçaltmaq və mənəvi dünyalarını hədəfə almaq artıq başqa müstəvidə müzakirə olunmalıdır.

 

Hüquqi dövlət anlayışı

Burada əsas prinsip sadədir: dövlət nə ateistin hüququnu tapdalamağa, nə də dindarın inancını müdafiəsiz qoymağa imkan verməməlidir.

Əgər konkret sosial media paylaşımlarında qanunvericiliyin tələblərinin pozulduğu, dini nifrət və düşmənçiliyə səbəb ola biləcək ifadələrə yol verildiyi, insanların şərəf və ləyaqətinin alçaldıldığı və ya digər hüquqazidd hərəkətlərin olduğu iddia edilirsə, bunun hüquqi qiymətini aidiyyəti dövlət qurumları verməlidir.

“Çevik”in daha əvvəl 15 sutka inzibati həbs cəzası aldığı bildirilir. Buna baxmayaraq, eyni xarakterli davranışların davam etməsi cəmiyyətdə haqlı suallar yaradır.

Maraqlıdır: “Çevik” kimdən əmr alır? Kimlər tərəfindən yönləndirilir ki, bu təhqirləri israrla davam etdirir? Əgər ortada hüquqazidd hərəkətlərə dair əsaslı şübhələr varsa, düşünürəm ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə yenidən hüquqi qiymət verilməsi vacibdir.

 

Tənqid edə bilərsən, amma təhqir edə bilməzsən

Maraqlıdır ki, “Çevik” əsasən İslamı və müsəlmanları hədəfə alır. Xristianlığı və yəhudiliyi eyni formada tənqid etdiyini isə çox görmürük. Bu da təbii olaraq müəyyən suallar doğurur.

Sivil cəmiyyətin əsas prinsiplərindən biri budur: sən mənim fikrimi tənqid edə bilərsən, amma şəxsiyyətimi və inancımı təhqir etməməlisən.

“Çevik” isə milyonlarla ölkə müsəlmanının inancına hörmətsiz ifadələr işlədir, eyni zamanda özünə qarşı hörmət tələb edir. Bu, sağlam dialoq deyil.

Azərbaycanın gücü məhz müxtəlif düşüncələrin bir arada yaşaya bilməsindədir. Ateist də bu ölkənin vətəndaşıdır, dindar da. Birinin hüququ digərinin hüququnu məhv etməməlidir.

Söz azadlığını qorumaq vacibdir. Amma söz azadlığını təhqir, aşağılama və cəmiyyətdə qarşıdurma yaratmaq vasitəsinə çevirməyə də yol vermək olmaz.

Azad cəmiyyət hər kəsin istədiyini deməsi deyil. Azad cəmiyyət fərqli düşünən insanların bir-birinin hüquq və ləyaqətinə hörmət edərək yaşaya bilməsidir.

Amma “Çevik”in davranışlarında bu prinsiplərə hörmət görmürük. O, istədiyini danışır, inanclı insanların ləyaqətini alçaldan ifadələr işlədir, onların mənəvi dəyərlərini hədəfə alır.

Bu ölkənin böyüklərindən tutmuş kiçiklərinə qədər, “Allahu Əkbər” deyib Vətən uğrunda savaşmış qazilərindən tutmuş şəhid analarına qədər milyonlarla insanın inandığı dəyərləri təhqir etmək sadəcə “fikir bildirmək” kimi qiymətləndirilə bilməz.

Düşünürəm ki, bu şəxsin fəaliyyətinə hüquqi və ictimai baxımdan vaxtında qiymət verilməsə, məsələ daha da böyüyə və cəmiyyətdə əlavə gərginlik yarada bilər.

Söz azadlığı qorunmalıdır. Amma söz azadlığı adı altında təhqirə, mənəvi dəyərlərin alçaldılmasına və cəmiyyətdə qarşıdurma yaradılmasına yol verilməməlidir.

Çünki söz azadlığı insanı danışmaqda azad edir, başqasını təhqir etməkdə yox.

 

Ramal Aliyev