Keçmiş nazir bir gündə 4.5 milyon manat ödəyib

Bir ilə yaxındır məhkəməsi gedən keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bugünlərdə daha 4.5 milyon manat pul ödəyib. Bu barədə mayın 8-də sabiq nazirin işi üzrə məhkəmə iclasında məlumat verilib.
27 milyon manatlıq mənimsəmə və israfetmə, eləcə də rüşvət alma kimi əməllərdə suçlanan Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir ildən çox həbsdə saxlanılan keçmiş nazir ötən ilin mayında ziyanın təxminin 20 milyonunu ödəyəndən sonra ev dustaqlığına buraxılmışdı. Qalan 7 milyonu isə ödəməkdən imtina edirdi. İddia edirdi ki, həmin mənimsənilən və israf edilən vəsaitin ona heç bir aidiyyəti yoxdur.
Cinayət işində mənimsənildiyi və israf edildiyi iddia olunan vəsaitlərin bir hissəsi nazirlikdə keçirilmiş tenderlərin qalibi olan şirkətlərin hesablarına köçürülən pullardır. Müslümov məhz bu üzdən həmin epizodlar üzrə özünü təqsirli bilmirdi.
Sabiq nazirin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılıb. 2022-ci ilin yayında Müslümovun işi məhkəməyə göndəriləndə nazirlikdə tender qalibi olmuş şirkətlər və s. məsələlərlə bağlı araşdırmaların davam etdirilməsi üçün ondan başqa bir cinayət işi ayrılıb və istintaq davam etdirilir.
Şirkətlər 600 min ödəyib, keçmiş nazir 4.5 milyon manat
Mayın 8-də məhkəmədə sabiq nazirin işinə baxan hakim Faiq Qəniyev proses iştirakçılarına məlumat verib ki, istintaqa cəlb olunan şirkətlər israfetmə nəticəsində vurulan ziyandan 600 min manat ödəyiblər.
Keçmiş nazir isə şirkətlərin əvəzinə mənimsəmə nəticəsində vurulmuş ziyandan 4.5 milyon manat ödəyib. Müslümov bu ödəməni aprelin 28-də həyata keçirib. Bu barədə qəbzlər də məhkəməyə təqdim olunub.
Beləliklə, Müslümov ittiham olunduğu cinayət işi üzrə rəsmi qaydada təxminən 24.5 milyon manat ödəyib.
 
Azadlıq.