Beş il həbs cəzası alan "Azadlıq" qəzetinin siyasi şərhçisi Seymur Həziyə dəstək məqsədilə keçirilən "Seymura məktub" kampaniyası bir həftədir başa çatıb.
Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Nigar Həzi deyib.
O, bildirib ki, kampaniyanın başa çatmasına baxmayaraq, Seymur Həzi məktubları ala bilməyib.
Kampaniya çərçivəsində dörd ildən çoxdur həbsdə olan jurnalistə 133 məktub göndərilib.
Məktub yazanlar arasında Seymurun dostları, jurnalist həmkarlarıyla yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də olub. Ailə üzvləri məktubları Seymur Həzinin saxlanıldığı 17 Saylı Cəzaçəkmə Müəssisəsinə aparsa da, onları ünvanına çatdıra bilməyiblər. Müəssisənin əməkdaşları onlardan məktubları alıb.
N.Həzi hesab edir ki, dəstək xarakterli, şəxsə ancaq müsbət təsir göstərə biləcək məktubların ona çatmasına imkan verilməməsi qanunsuzluqdur.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, bu məsələdə heç bir qanuna zidd hal yoxdur. Çünki qanunvericilikdə də göstərilib ki, həbs yerlərinə daxil olan məktublar, nəşrlər və başqa yazılı mətnlər yoxlanılmalıdır:
"Mətnlərdə məhkumun davranışına, psixologiyasına mənfi təsir göstərə biləcək məlumatların olub-olmamasına baxılmalıdır. Yoxlanılır, heç bir problem yoxdursa, çatdırılır", o bildirib.
Seymur Həzi həbsini sifariş sayır və jurnalist fəaliyyətinə qarşı yönəldiyini bildirib.
2014-cü il avqustun 29-da avtobus dayanacağında bir şəxs jurnalisti təhqir etməyə başlayır. Daha sonra həmin şəxs Həzinin reaksiya vermədiyini görərək ona hücum edir. Özünü müdafiə edən jurnalsit saxlanılır. Abşeron rayon Məhkəməsi jurnalisti xuliqanlıqda təqsirli bilərək 5 il, ona hücum edən şəxsi isə 6 ay həbsə məhkum edir.
Seymur Həzi məhkəmədə deyib ki, onun mübarizəsi xeyir və şər mübarizəsidir.
"Dövlət hüquqa və ədalətə əsaslanır və biz Azərbaycanda dövləti bərpa edəcəyik”, jurnalist bildirib.
Həbsdəki jurnalistə yazılan məktublar verilməyib
Oxşar xəbərlər