Gürcüstan Qərblə Rusiya arasında. Tarazlaşdırma çətinləşir

Keçən il Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Gürcüstan hökuməti qərblə güclü əlaqələrini qorumağa, eyni zamanda Rusiyanı qəzəbləndirməməyə çalışıb. Bu münasibətləri tarazlaşdırma siyasəti indi ən böyük çətinliklə üzləşib.

Mayın 10-da Rusiya gözlənilmədən Gürcüstana 2019-cu ildə dayandırdığı birbaşa uçuşları bərpa edəcəyini və gürcüstanlılar üçün viza tələbini aradan qaldıracağını açıqladı. Mayın 19-da Rusiyanın “Azimut” aviaşirkətinin ilk reysi Moskvadan Tbilisiyə uçdu. Tanınmış rusiyayönlü gürcü fəalların, eləcə də sıravi turistlərin daxil olduğu ilk reysin sərnişinləri media ordusu və yüzlərlə etirazçı tərəfindən qarşılanıb.

Ukraynaya lazımi dəstək verməməkdə ittiham olunan hakim “Gürcü Arzusu” partiyası iddia edib ki, birbaşa uçuşların bərpası turizm gəlirlərini artıracaq və gürcüstanlıların Rusiyaya səfərlərini asanlaşdıracaq. Partiya Qərbin narahatlığını da azaltmağa çalışıb, Rusiya ilə iqtisadi əlaqələrin Qərblə münasibətlərə zidd olmadığını, ölkənin Avropa İttifaqına (Aİ) daxil olmaq niyyətinə təsir etməyəcəyini vurğulayıb.

"Gürcüstanın uçuşları bərpa etmək qərarından təəssüflənirik", – Aİ sözçüsü Peter Stano mayın 16-da keçirdiyi mətbuat konfransında bildirib. Stano əlavə edib ki, bu addım Gürcüstanın 2014-cü ildə Aİ ilə imzaladığı Assosiasiya Sazişi ilə üzərinə götürdüyü, xarici siyasətdə “Aİ qərarlarına əməl etmək öhdəliyi” sarıdan narahatlıqları artırır.

Gürcüstan rəsmiləri isə ikili standartlarla üz-üzə qaldıqlarından şikayətlənirlər, Qərblə dost olan, amma Rusiyaya birbaşa uçuşlar həyata keçirən Ermənistan, Azərbaycan, Türkiyə və İsraili misal çəkirlər. Moskva 2019-cu ildə anti-Rusiya etirazlarına cavab olaraq Gürcüstana birbaşa uçuşları birtərəfli qaydada ləğv edib. O zaman Aİ və ABŞ Rusiyanı bu addımına görə tənqid etmişdilər.

Gürcüstan rəsmiləri yalnız sanksiya qoyulmayan aviaşirkətlərin uçuşlarına icazə verdiklərini və beləliklə də Qərbin sanksiyalarını pozmadıqlarını bildirirlər. Lakin Aİ rəsmiləri 2019-cu ildən bəri vəziyyətin dəyişdiyini, Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya və oradan bütün uçuşlara qadağa qoyduğunu, tərəfdaş ölkələrdən də eyni şeyi gözlədiyini qeyd edib.

2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan bir az sonra Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə Aİ-yə namizədlik statusu üçün müraciət edib. Moldova və Ukraynaya 2022-ci ilin iyununda namizədlik statusu verildi. Gürcüstana isə bunun əvəzinə Aİ "perspektivi" və gerçəkləşdirməli olduğu islahatlar siyahısı təqdim edilri. Bu ilin payızında Aİ Gürcüstanın bu islahatlarda irəliləyişinə əsaslanaraq, namizəd statusu ilə bağlı qərar verəcək.

Stano ikili standartların qavranılması ilə bağlı suala cavablandırarkən deyib ki, Gürcüstan özü daha yüksək standartlar tələb edir. "Ermənistan Aİ üzvlüyünə can atmır, lakin Gürcüstan Aİ-dən namizədlik statusu almaq istəyir. Bunun üçün onlar Aİ dəyərlərinə və prinsiplərinə necə yanaşdıqlarını göstərməlidirlər", – Stano bildirib.

Tbilisidə daha açıq danışa bilmək üçün adının açıqlanmasını istəməyən bir qərb diplomatı isə deyir ki, narahatçılığa təkcə Rusiyanın uçuş və viza təklifini qəbul etmək səbəb olmayıb, Gürcüstan hökuməti digər anti-Qərb addımları səbəbindən də ciddi nəzarət altındadır. Ən əsası isə hökumət bu yaxınlarda Vaşinqton və Brüsselin sərt etirazlarına baxmayaraq, xaricdən maliyyə alan media və təşkilatları “xarici agent” kimi tanıyan qanun layihəsi təklif etdi. Hökumət yalnız qanun layihəsinə qarşı kütləvi etirazlardan sonra geri çəkildi.

Gürcüstan rəsmiləri bu addımın xarici siyasətə təsirini kiçiltməyə çalışır, əvəzində iqtisadi faydaları önə çəkirlər. Uçuşların bərpasının ölkənin turizmə əsaslanan iqtisadiyyatına ildə 400 milyon dollara yaxın gəlir gətirə biləcəyini iddia edirlər.

 

"İqtisadi baxımdan "Gürcü arzusu" partiyası istənilən pulu və əldə edə biləcəkləri hər hansı faydanı məmnuniyyətlə qəbul edir. Bu, onların iqtisadi artım hekayəsinin bir hissəsidir və arqumentləri də budur ki, ‘firavan yaşayırıq, çünki sülh içindəyik’”, – Tbilisidə yerləşən “Qafqaz Evi” QHT-nin Sülh Proqramının rəhbəri, analitik Vano Abramaşvili AzadlıqRadiosuna müsahibəsində deyib. O əlavə edib ki, hökumət həm də geosiyasi riskləri nəzərə alır, çünki onlar düşünürlər ki, “Rusiya Ukraynada qalib gəlmir, amma uduzmur da. Onlar buna həqiqətən inanırlar”.

Gürcüstan vətəndaşları arasında uçuşların bərpası ilə bağlı müxtəlif fikirlər var. ABŞ-da yerləşən Beynəlxalq Respublika İnstitutunun martda keçirdiyi sorğuda respondentlərin 48 faizi uçuşların bərpasını dəstəkləyib, 46 faizi isə əleyhinə çıxıb.

“Georgian Airways”in mayın 16-da Rusiyaya uçuşlara başlayacağını elan etməsi sosial şəbəkələrdə qəzəblə qarşılanıb və aviaşirkətin Tbilisidəki ofisi qarşısında kiçik etiraz aksiyaları keçirilib. Şirkət Facebook-da tənqidçiləri “xarici qrantlar” almaqda ittiham edərək, özünün vətənpərvərliyini müdafiə edib.

“Əgər başqa ölkələrin Rusiyaya uçmaq hüququ varsa və bu ölkələr sanksiyalara məruz qalmırsa, o zaman niyə kiçik Gürcüstan və onun kiçik aviaşirkəti bu sanksiyalara məruz qalır?” – “Georgian Airways”in İdarə Heyətinin sədri Tamaz Qayaşvili mətbuata açıqlamasında bu sualı dilə gətirib.

Rusiyanın bu jestinin arxasında duran motiv hələ də bəlli deyil. Mayın 10-da ilkin açıqlamadan sonra, bir neçə gün ərzində heç bir yüksək vəzifəli məmur tərəfindən rəsmi şərh verilməyib. Nəhayət, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də mətbuat konfransında bunun Gürcüstan-Rusiya münasibətlərinə təsiri ilə bağlı sualı cavabsız qoyub. Ümumi bir cavab verərək bildirib ki, “prinsipial yanaşmamız diplomatik münasibətlərimizin olmamasına baxmayaraq, Rusiya və Gürcüstan sakinləri arasında ünsiyyət və əlaqəni asanlaşdırmaqdır. Uçuşların bərpası qərarı da bu məntiqə uyğundur”.

Rusiya dövlət mediası isə bu addımı, 2008-ci ildə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrindəki müharibədən sonra diplomatik əlaqələri olmayan iki ölkə arasında yaxınlaşma kimi qiymətləndirən coşğulu xəbərlər yayıb.

Gürcüstan rəsmiləri Rusiyanın mümkün motivləri ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. “Gürcü Arzusu” partiyası uçuşları dəstəkləsə də, bunun Gürcüstanın Aİ hədəflərinə xələl gətirmək məqsədi daşıdığından şikayətlər var. “Rusiya bu addımı ilə Gürcüstanın Rusiya ilə sıx əməkdaşlıq etdiyi imicini cızaraq, Gürcüstanın Avropaya inteqrasiya yoluna xələl gətirməyə çalışır”, – Bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze yerli mətbuata açıqlamasında deyib.

Gürcüstanın Rusiya ilə münasibətlərini yaxşılaşdırılması Qərb üçün narahatlıq doğurur.

Mayın 18-də ölkənin paytaxtında təhlükəsizlik konfransında çıxış edən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan (Kelly Degnan) deyib ki, Tbilisi Rusiyanın Gürcüstanla münasibətləri normallaşdırmaq cəhdini alqışlayarakın çox diqqətli olmalıdır. "Məncə, vacib sual budur ki, niyə indi? Putin Gürcüstana bu güzəştləri və bu təklifləri niyə indi edir? Gürcüstanın birbaşa uçuşlar üçün ödəməli olduğu bədəl nədir? Bunlar çox vacib suallardır, çünki hamımız bilirik ki, Putin heç nəyi əvəzsiz vermir”, – o deyib.

 

Azadlıq Radiosu.