Dini fəalın ailəsi onun barəsində cinayət işinin saxtalaşdırıldığını bildirir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş dini fəal Murad Abdullayev 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən və ona qarşı ittihamın saxtalaşdırılmasından şikayət edib.

Fəalın bacısı Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, qardaşı martın 9-da saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb.

Polis bölməsindən ailə üzvlərinə əvvəlcə Abdullayevin "narkotik istifadəçisi" kimi "yüngül maddə" ilə həbs edildiyini və bir il sonra sərbəst buraxılacaığını bildiriblər.

Amma üç gün sonra məlum olub ki, Abdullayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb və o, 5 ildən 12 ilə qədər həbs edilə bilər.

Abdullayeva ittihamın saxtalaşdırıldığını bildirib. 

"Qardaşım necə "narkobarondur" ki, saxlanılanda cibində üç ədəd siqaret və xırda pul var idi? O, ailəsini dolandırmaq üçün bütün gün işləyirdi", deyən məhbusun bacısı əlavə edib ki, narkotik Abdullayevin cibinə qəsdən qoyulub.

O hesab edir ki, Abdullayev dini fəal olduğuna, dindarların, ilahiyyatçıların, özü təşkilatın üzvü olmasa da, "Müsəlman Birliyi" Hərəkatının üzvlərinin işləri üzrə məhkəmə proseslərinə getdiyinə görə həbs edilib. 

Onun sözlərinə görə, hazırda Abdullayev 1 saylı istintaq təcridxanasında saxlanılır. 

"Orada qardaşımın saxlanma şəraiti ağırdır. 6-7 nəfər üçün nəzərdə tutulan kamerada 18 nəfər saxlanılır. Daim səs-küy olur, sıxlıqdır. Su gündə cəmi 1 saat verilir və namaz qılan insan üçün bu, əlavə çətinliklər yaradır. Bu, nevrozun kəskin formasından əziyyət çəkən qardaşımın səhhətinə pis təsir edir. Biz dəfələrlə Muradın daha münasib kameraya keçirilməsini xahiş etdik, amma xahişlərimiz nəticəsiz qaldı", deyə Abdullayeva bildirib.

O, həmçinin İstintaq Təcridxanasında məhbusun hüquqlarının pozulduğunu qeyd edib.

"Ona həftədə 1 dəfə telefonla danışmağa icazə verirlər, o da 3-4 dəqiqəlik. Baxmayaraq ki, qanuna əsasən, onun həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. Həftədə bir dəfə görüş verilir, amma nəzərdə tutulan 1 saat yerinə cəmi 20 dəqiqəlik şüşə arakəsmə arxasından görüş verilir", deyə Abdullayeva qeyd edib. 

Abdullayevin vəkili Zübeydə Sadıqova Turan-ın müxbiri ilə söhbətində bildirib ki, istintaqın məlumatına görə, müvəkkilinin üzərindən 30 qram heroin tapılıb. Sadıqova ittihamın doğruluğuna şübhə etdiyini bildirib.

"Hazırda son vaxtlar CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilmiş 10-a yaxın dindar müvəkkilim var. Dindarların üzərindən 30, 40, 50 qram və daha çox narkotik "tapırlar". Bir qayda olaraq, məsuliyyətə cəlb edilmə haqqında qərarlarda "operativ məlumat" əsasında saxlanılma həyata keçirildiyi qeyd edilir. Bu zaman şübhəli şəxslərin "sözlərinə əsasən" onların narkotik vasitəni "küçədə tapdıqları" və "satmaq qərarına gəldikləri" qeyd olunur. Amma heroin kimi bahalı narkotik vasitənin küçədə tapılması kifayət qədər şübhəlidir. Digər tərəfdən, həbs şübhəli şəxsin narkotik maddəni "tapmasından sonrakı gün" həyata keçirilir. Hüquq-mühafizə xidmətlərinin mənbələri şəxsdə narkotik olduğunu necə "operativ" şəkildə öyrənir və bu barədə polisə məlumat verir?", deyə Sadıqova bildirib.

O qeyd edib ki, müdafiə tərəfi Abdullayevin ev dustaqlığına köçürülməsi haqqında vəsatət qaldırıb. Amma mayın 3-də məhkəmə vəsatəti təmin etməyib və müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib.

DİN-dən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. 

Abdullayev "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqının aprelin 20-də dərc etdiyi siyasi məhbus siyahısına daxil edilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, fevral-mart aylarında Azərbaycanda siyasi motivli ittihamlarla ən az 89 nəfər qanunsuz narkotik ticarətində ittiham olunaraq həbs olunub.