Bu vəziyyətə düşməyimizə səbəb...

Qəribə, ziddiyyətli, eyni halda qəbul olunacaq dərəcədə rahat. Bütün bunlar bir araya çətin sığan, lakin mümkün bir həqiqətin təsiri altındadır. Artıq hər kəs üçün əlçatan olan texnoloji əsaslar bütün parametrlərdə təsir dairəsi yaratmaqla hər növ yalnışın düz qəbulunda unikaldır. Süni intellektin belə vəd etdiyi gözəlliklər hiss olunmadan yanlış təsirləri doğrulamaq cəhdi ilə insanı bu təsirin zəncirinə buxovlayır.

Sovet dönəminin sonlarında yaşayan qocaların “televizorda özüm eşitdim, qəzetdə belə yazılmışdı” kimi fikirlərin mütləq doğru qəbul olunma sindromuna bu gün süni zəka elə görüntülər əlavə edir ki, insanın inanmaqdan başqa çarəsi qalmır. Reallıqların təhrif olunması, bəzən isə kökündən dəyişdirilməsinə cəhd müəyyən zaman alır ki, onun aldadıcı olduğu üzə çıxsın, eyniliklə Amerikanın başqaları üçün demokratiya istəməsi kimi. Lakin bu müəyyən zaman şübhəsiz öz təsirini buraxmadan ötüşmür.

Atom silahından da böyük gücə malik medianın idarə olunması məhz bu standartlar çərçivəsindədir. Yanlışlıqları çoxsaylı həqiqət kimi tirajlamaq, cəmiyyət üçün fikirləri əhəmiyyətli görünən şəxslərin bu istiqamətdə dəstək addımları isə həlledici nəticələr vəd edir.

Dost körpüsü, demokratiyanın beşiyi Fransa, Putinin çıxışlarının tərcüməsiz canlı olaraq dövlət kanallarında yayımlanması, terrorçu Colaninin demokrat sənədi, Avropa standartlarının dağılan Avropa əvəzləyicisi, Amerikanın demokratiya standartlarının qəsbkar və talançılıqla dəyişdirilməsi yaxın tarixin nümunələrdənidir. Medianın bu istiqamətdə əvəzsiz rolu kütlənin idarə olunması, onun öz rossianal yanaşması deyil, kənar müdaxilə əsasında qərar qəbul etməsi həqiqətdə planlı icra edilir.

Belə qarışıq bir fikir cəhənnəmi sadə vətəndaşı təkcə təsirə salmır, eyni halda onu bəzən öz dəyərlərinə düşmən həddinə qədər yüksəldir. Zamanla təqdim edilən bu standartlar hər biri özünəməxsus təsirlər yaradır ki, nəticədə sadə insan müxtəlif baxışlarla biri digərinə düşmən hansısa bir cəbhənin sərhədlərindədir. Nəticə təsirlərin parçaladığı, düşmənə çevirdiyi bir reallığı qaçılmaz edır.

Medianın böyük səylə təqdim etməyə çalışdığı bucaqlar, əslində, bir millətin bir xalq, bir toplum olmasını əngəlləyən başlıca səbəbdir. Bu məktəb kitablarında canavarın parçalamaq istədiyi iki öküzün misalı kimidir. Onların nifaq atəşinə verilməsi parçalamaq üçün ən gözəl fürsətdir.

Əzilirik, istismar olunuruq, fiziki və pisixoloji təzyiqlərə məruz qalırıq, haqqımız məhdudlaşır... Səbəb isə birdir, medianın əlində beyinlərə səpilən nifaq və onun gətirdiyi düşmənçilik.

Bu gün həqiqətdə qurban verdiklərimiz çoxdur. Görə bilməməyimizə səbəb isə bizə yanlışı doğru göstərənlərdir. Biz deyilənə deyil, deyənə diqqət etsək bu işin həqiqətini şübhəsiz görəcəyik. Belə bir vəziyyətə düşmə səbəbimiz də məhz elə budur.