Siyasi hədəflə nəfəs nəfəsə

Türkiyənin idarəçilik sistemini dəyişdirən cənab Erdoğan üçüncü prezident seçkisinin birinci turunda seçilə bilməyincə müxalifət seçkinin ikinci turu ərəfəsində  kəskin taktika dəyişikliyinə getdi.

Təbliğat dövründə iqtidar blokunun `terrorçularla əməkdaşlıq` suçlamasına `qəlb` işarəsiylə cavab verməyin dərdə çarə olmadığını görən Kemal Kılıçdaroğlu tez-tələsik metod  dəyişdirərək  üslubunu sərtləşdirdi:vaxt itirmədən qaçqınları ölkədən qovacağam, terror təşkilatlarıyla əsla danışıq aparmayacağam. Üslub dəyişikliyini seçkinin birinci turunun analizləri diktə edərkən Kılıçdaroğlunu narahat edən əsas məsələ Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan və ya  bu partiyanı dəstəkləyən milyonlarla insanın seçkiyə getməməsi idi.

Prezident seçkisinin 28 maya qalan ikinci turunun həlledici faktorunun  seçkiyə getməyən o kütlə olacağını  yaxşı bilən müxalifət bloku o kütləni seçkiyə getməyə razı salmaq üçün qapı-qapı gəzməyə başladı.

`Millət İttifaqı`nın ikinci partiyasının lideri Meral Akşener isə prezident seçkisinin ikinci turu ərəfəsində yaranmış vəziyyəti “Bu, seçki deyil, Türkiyənin gələcəyinin səsverməyə çıxarılacağı bir referendumdur”- sözləriylə xarakterizə etməklə seçicilərə bu şəkildə həm xəbərdarlıq etdi, həm də müxalif blokun sıralarındakı konsolidasiyanı gücləndirməyi hədəflədi.

Əslində Meral xanıma bir neçə baxımdan haqq vermək lazımdır. Hər şeydən əvvəl ona görə ki, nə qədər optimist danışılırsa-danışılsın, 28 may ərəfəsindəki durum müxalif blokun namizədi baxımından çox da ümid verici görünmür-təfərrüatlı analizlər bunu göstərir. Ona görə, futbol şərhçisi Erman Toroğlunun sözüylə desək, Sinan Oğanın o tərəf-bu tərəfini çox oynatmasına Erdoğanın ehtiyacı olmadığı kimi, müxalifətin də Sinan dəftərini heç açmaması lazım idi.

Meral Akşenerin seçkinin ikinci turunu `referendum` deyə xarakterizə etməsinin bir səbəbi də yarım əsrlik siyasət həyatında Recep Tayyip Erdoğanın öz hədəfinə bu qədər yaxınlaşması və hətta o hədəflə nəfəs-nəfəsə gəlməsidir.

Bəli, səhv anlamadınız, siyasi islamın hal-hazırda dünya miqyasındakı ən güclü şəxsiyyəti olan cənab Erdoğan bu yarım əsr ərzində heç vaxt öz niyyətini gizləməyərək nəinki tərəfdarlarına, bütün Türkiyəyə və onu öz lideri sayan və  xəlifəsi kimi görmək istəyən sünni müsəlman dünyasına qarşı səmimi davranıb. Ona görə hədəfi islami rejim  qurmaq olan bir siyasi liderin o hədəfə bu qədər yaxınlaşmışkən seçkidən qalib çıxmaq üçün yenə və yenidən bütün imkanlardan istifadə edəcəyini gözləməkdən təbii heç nə ola bilməz. Ondan sonra isə  yarım əsrlik siyasi cəngin hədəfinin reallaşdırılması qalacaq. Bu iş cənab Erdoğan üçün əsla çətin olmayacaq. Hər şeydən əvvəl ona görə ki, ölkənin siyasi rejiminin dəyişdirilməsində özünü haqlı görəcək. Çünki bunu seçkidə növbəti dəfə  qalib gələndən sonra edəcək.

İkincisi isə-cənab Erdoğanı bu addımı atmağa, müəyyən mənada, ölkənin hal-hazırkı vəziyyəti məcbur edəcək. Ölkə əhalisinin 10%-nin rifah içində yaşayıb təxminən 60%-nin sosial yardımlarla ayaq üstündə durduğu, 30%-nin isə aclıq limitinin altında gününü başa vurduğu, iqtisadi göstəriciləri sahmana salmaq üçün içəridə satmağa heç nəyin qalmadığı, xaricdən isə borc almağın inanılmaz dərəcədə çətinləşdiyi bir ortamda ümidlər tükənərkən imdada rejim dəyişikliyindən yaxşı nə çata bilər? Siz ölkə əhalisinin ən az yarısının rejim dəyişikliyini qəbul etməyəcəyinə dair nəqəratlara əsla qulaq asmayın, o qərarın qəbul edildiyi andan başlayaraq, küçə və meydanların, TV kanalları və qəzet köşələrinin islami rejimi alqışlayanlarla dolub-daşacağını görəcəksiniz. Çünki cənab Erdoğan 21 illik iqtidarı dönəmində bunun infrastrukturunu zərgər dəqiqliyi və usta səbriylə hazırladı, ilmək-ilmək hördü. Ərzaq yardımlarına  bağladığı 10 milyonlarla tərəfdarının, ATM-lərdən mütəmadi şəkildə  pul çəkən 10 milyonlarla insanın, hər ayın pensiyasını alanda şükür edən 13 milyon pensiyaçının ölkədəki rejim dəyişikliyinə qarşı çıxmasını gözləmək hansı ağlın məntiqin məhsulu ola bilər?

Öz fikrim kimi bəri başdan deyim ki, Meral Akşenerin `referendum` xəbərdarlığına da toplumdan müsbət reaksiyanın gələcəyinə əsla inanmıram.  Türkiyə siyasi islamçılarının mərhum lideri Necmettin Erbakan bir vaxtlar AKP tərəfdarları barədə `narkozlanmış kütlələr` deyirdi. İndi o `narkoz`un dozasının daha da artdığına həm də buna görə əmin ola bilərsiniz ki, mərhum Erbakanın oğlu AKP siyahısından millət vəkili seçildi. Dünyəvi cümhuriyyət düşməni bir partiya ilə (Hüda Par) qadın haqlarının tamamilə aradan qaldırılmasını tələb edən bir partiyanın (Yenidən Refah Partiyası) liderlərinin AKP siyahısından parlament mandatı almasını  islami rejimin ayaq səsləri kimi dəyərləndirə bilərsiniz. . .

Ona görə prezident seçkisinin ikinci turunu gözləyərkən parlamentdəki andiçmə mərasimindən də gözünüzü ayırmayın.

Təbii ki, andiçmə mərasiminin ikinci tura qədər keçirilməsinə hörmətli Erdoğan icazə versə. . .

 

 

Mayis Əlizadə