Səddam Hüseynin nəvəsi İraqdan necə qaçdıqlarını danışdı

Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil 2003-də İraqın ABŞ tərəfindən işğalı zamanı ailəsi ilə birlikdə ölkəni necə tərk etdiklərindən danışıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə o, "Səddamın nəvəsi" adlı kitabı ilə bağlı verdiyi müsahibəsində bildirib.

Hüseyn Kamil ABŞ gücləri İraqa girdikdə bütün ailə fərdlərinin uşaqlarla birlikdə ölkəni tərk etdiyini deyib: "Həmin gecə hava çox soyuq və qaranlıq idi. Səddamın qızları Rağad (anası – red.) və Rənanın uşaqları ilə birlikdə Mosulda olduqları barədə xəbər yayılandan sonra ölkəni tərk etdik. Təhlükəsizliyimiz üçün İraq-Suriya sərhəddi boyu ilə hərəkət edirdik. Bu, bizim üçün böyük risq idi. Suriya qüvvələri orda insanların olduğunu başa düşsəydi, atəş açma səlahiyyəti var idi. Suriyada bir neçə gün qaldıq. İraq pasportumuz yox idi və heç nə düşünə bilmirdik".

Hüseyn Kamilin sözlərinə görə, bundan sonra İordaniya tərəfindən qonaq ediliblər: "Bu günə qədər İraq pasportunu sahib olmadığımız üçün bizə ərəb pasportu verildi. Bundan başqa aylıq maaş və evlə təmin edildik".

O, özü kimi evlənən və xaricə köçənlər istisna olmaqla digər ailə üzvləri üçün bu vəziyyətin hələ də davam etdiyini deyib.

İraqı tərk etdikdən sonra Britaniyadan da qonaq kimi təklif aldıqlarını deyən Kamil bunu heç bir siyasi fəaliyyət göstərməyəcəkləri şərti ilə edildiyini vurğulayıb.

Qeyd edək ki, «Səddamın nəvəsi» kitabı bir neçə ay öncə BƏƏ-də Şarika şəhərində 37-ci Kitab Sərgisində təqdim edilib. Hüseyn Kamil hazırda İordaniyada Kanada İşlətmə və İqtisad Universitetində təhsil alır.