İsrailin Qəzzada apardığı müharibənin dağıdıcı nəticələri BMT-nin Fələstin qaçqınlarına yardım və işlər üzrə agentliyinin (UNRWA) açıqladığı yeni statistika ilə bir daha üzə çıxıb. Məlumatı “CNN” yayıb.
Hesabata görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 18 mindən artığı uşaq olmaqla 66 mindən çox fələstinli həlak olub. Qəzza Səhiyyə Nazirliyi isə daha yüksək göstərici açıqlayaraq ölənlərin sayının 67 min nəfəri keçdiyini, yaralıların isə 170 min nəfərə yaxın olduğunu bildirib.
Qəzzada dağıntı miqyası da böyükdür. Əhalinin demək olar ki, hamısı dəfələrlə evlərini tərk etmək məcburiyyətində qalıb. Binaların 80 faizi dağıdılıb və ya ciddi zədələnib, əkin sahələrinin 98 faizi istifadəsiz vəziyyətə düşüb. İndiyədək 455 nəfər (150-dən çoxu uşaq) qida çatışmazlığı səbəbindən həyatını itirib. Səhiyyə işçilərinə və xəstəxanalara qarşı 790-dan çox hücum qeydə alınıb. Təxminən 660 min uşaq üçüncü ildir məktəbdən kənarda qalır, məktəblərin isə 92 faizi əsaslı təmir və ya yenidən qurulmaya ehtiyac duyur. Su, sanitariya və gigiyena infrastrukturunun 90 faizi sıradan çıxıb. İki ailədən biri zibilliklərin yanında yaşayır.
BMT-nin sentyabrda açıqladığı müstəqil araşdırma ilk dəfə olaraq İsraili fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edib. Bir çox hüquq müdafiə təşkilatları da bu nəticəni dəstəkləyib. İsrail hökuməti isə ittihamları qətiyyətlə rədd edir, hərbi əməliyyatların özünümüdafiə xarakteri daşıdığını və beynəlxalq hüquqa uyğun aparıldığını bildirir.
ABŞ prezidenti Donald Tramp isə “Truth Social” sosial şəbəkəsində yazıb ki, onun Qəzza ilə bağlı sülh planının ilk mərhələsi yaxın günlərdə başa çata bilər.
“Bu həftəsonu HƏMAS və dünyanın müxtəlif ölkələri ilə çox müsbət müzakirələr aparılır. Əsas məqsəd girovların azad olunması, Qəzzada müharibənin dayandırılması və ən əsası, Yaxın Şərqdə çoxdan gözlənilən sülhün bərqərar olmasıdır. Danışıqlar uğurlu və sürətli gedir,” – Tramp bildirib.
Onun sözlərinə görə, oktyabrın 6-da Misirdə işçi qruplar yekun detalları müzakirə edəcək.
Qəzzada ölənlərin sayının 67 min nəfəri keçdiyini, yaralıların isə 170 min nəfərə yaxın olduğunu bildirilir