Britaniya, Kanada və Avstraliya rəsmi şəkildə Fələstin dövlətini tanıdı

Britaniya, Kanada və Avstraliya rəsmi şəkildə Fələstin dövlətini tanıdı. Bu anqlo-sakson dövlətlərini izləyərək, Fransanın rəhbərliyi altında bir sıra Avropa ölkələrinin də Fələstini tanıması gözlənilir.

İsrailin Yaxın Şərqi yenidən qurmaq cəhdləri fonunda, London və Parisin bu girişimi təsadüfi deyil. Məlum olduğu kimi, regionun hazırkı sərhəd quruluşu, bu iki imperiya arasında Birinci Dünya müharibəsi ərəfəsində (1916) imzalanmış Says-Piko sazişinə əsaslanır. Osmanlı İmperiyasının Yaxın Şərqdəki torpaqlarını bölüşdürən bu müqaviləyə görə, Suriya, Livan və Şərqi Anadolu bölgələri Fransanın, İraq və Körfəz bölgəsi isə Britaniyanın nəzarətinə keçmiş, Fələstin torpaqlarına isə beynəlxalq status verilmişdi. Keçən əsrdə regionda çox şey dəyişsə də, Fransa və Britaniyanın maraqları əsasında çəkilmiş sərhədlər hələ də qalmaqdadır.

İsrail rəhbərliyi, 7 oktyabr 2023-cü il hücumuna cavab olaraq başlatdığı müharibəni, ölkə ərazilərini genişləndirən “Böyük İsrail” layihəsi ilə tamamlamaq istəyir. İsraillilərin “uzun qol” adlandırdıqları yeni strategiya, mövcud sərhədlərə məhəl qoymadan istənilən ölkəyə müdaxilə etmək imkanını nəzərdə tutur. Bu, İsrailin Says-Piko qaydalarına meydan oxuması mənasını daşıyır. ABŞ-ın Türkiyədəki səfiri və Trampın Suriya üzrə nümayəndəsi Tom Barak, keçən həftələrdə verdiyi müsahibədə İsrail rəhbərliyinin Says-Piko sərhədlərini tanımadığını aşkar şəkildə ifadə etdi. Bu əlamətdar faktı xatırladaq ki, 2014-cü ildə regionda geniş əraziləri ələ keçirən İŞİD də buldozerlərlə İraq-Suriya sərhədini sökərək, Says-Piko nizamına son qoyduğunu elan etmişdi. Lakin İŞİD-in bu simvolik cəhdi qısa sürmüşdü. Bir "dövlət" kimi İsrail rejiminin bu nizama qarşı çıxması isə daha ağır təhlükə yaradır.

Burada xüsusilə qeyd etmək lazımdır ki, ABŞ rəhbərliyinin İsrailə qəti dəstəyi, anqlo-fransız ittifaqını daha fəal addımlar atmağa sövq edir. Əslində, ABŞ-ın İsrailə tam arxa çıxması bir az qəribə görünür. Çünki İsrailin regional quruluşa qarşı çıxması, Ərəb dünyasını ABŞ-dan uzaqlaşdırır. Nəticədə, İsrailin Qətərə hücumundan dərhal sonra Səudiyyə Ərəbistanı ilə Pakistan arasında “hərbi pakt” imzalandı. Pakistanın Çinin ən sadiq müttəfiqi olmasını və Pakistan ordusunun təchizatının böyük hissəsini Çin silahlarının təşkil etdiyini nəzərə alsaq, dolayısı ilə bu pakt Səudiyyə ilə Çin arasında yaxınlaşma deməkdir ki, bu da Ərəb dünyasının ən nüfuzlu ölkəsinin Vaşinqtona “İsraili nəzarətə al” mesajı kimi qiymətləndirilə bilər. Bəs belə bir şəraitdə ABŞ-ın İsraili nəzarətdə saxlaya bilməməsinin səbəbi nə ola bilər?

Türkiyə xarici işlər naziri Hakan Fidan keçən gün Misir mətbuatına verdiyi müsahibədə belə bir fikir irəli sürdü: “ABŞ daxili siyasətində onilliklərdir mövcud olan bir reallıq var. Bu, kimin kimə nəzarət etdiyi və kimin kimi idarə etdiyi reallığıdır. Son hadisələr göstərdi ki, əslində ABŞ-ın İsrail siyasətinə təsiri çox məhduddur, bəlkə də bunun əksi doğrudur.” Yəni, Fidanın ifadəsi ilə desək, cuhud lobbinin nəzarətində olan ABŞ hakimiyyətinin İsrailə qarşı çıxa biləcək vəziyyətdə olması da şübhə doğurur. Londonun Fələstini tanıma qərarının, ABŞ prezidenti Trampın təntənəli Britaniya səfərindən sonra həyata keçməsi də təsadüfi deyil: ehtimal ki, Britaniya elitasında Trampın İsrailə qarşı addım atmayacağı və ya ata bilməyəcəyi ilə bağlı inam formalaşıb.

Xülasə etmək lazımdır ki, Britaniya-Fransa ittifaqının Fələstin məsələsində göstərdiyi təşəbbüsü, BMT-nin hesabatlarında “soyqırımı” kimi xarakterizə edilən İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmaqla bağlamaq düzgün deyil. Anqlo-fransız ittifaqını hərəkətə gətirən əsas səbəb, bir əsr əvvəl yaradılmış regional qaydanın dəyişdirilməsinə yönələn İsrailin “uzun qol” strategiyasına xəbərdarlıq etməkdir. Avropanın iki böyük keçmiş imperiyası, Yaxın Şərqdəki mövcud vəziyyəti qorumaq üçün ABŞ-İsrail ittifaqına qarşı mövqe almağa hazır olduğunu nümayiş etdirir.