Moldova Rusiyadan qaz alışını dayandırıb

Moldova Rusiyadan təbii qaz tədarükünü tamamilə dayandırdığını açıqlayıb.

Bu barədə Moldova Prezidenti Maya Sandu “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, hazırda ölkəsi Rusiyadan heç bir həcmdə təbii qaz almır. O, həmçinin Rumıniya ilə enerji əlaqələrinin genişləndirilməsi məqsədilə daha iki elektrik ötürücü xəttinin istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib.

Sandu Vulkaneşt–Kişineu elektrik ötürücü xəttinin artıq istismara verildiyini də açıqlayıb. Onun sözlərinə görə, bu infrastruktur Moldovanın Rumıniya və ümumilikdə Avropanın enerji şəbəkəsi ilə inteqrasiyasını gücləndirəcək.

Bununla yanaşı, yeni marşrut vasitəsilə elektrik enerjisinin tədarükünün əvvəlki variantlarla müqayisədə daha yüksək xərclər tələb edəcəyi bildirilir.

Qeyd edək ki, Moldova rəhbərliyinin bu açıqlaması ölkədə enerji böhranının davam etdiyi və yanacaq qiymətlərinin yüksəldiyi bir dövrə təsadüf edir.