İlham Əliyev və Məsud Pezeşkian arasında görüş keçirilib

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Söhbət zamanı liderlərin əvvəlki görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, həmçinin Azərbaycan nümayəndə heyətinin yaxın vaxtlarda İrana etdiyi səfər və aparılan müzakirələr yüksək qiymətləndirilib.

Görüşdə regional nəqliyyat və logistika əlaqələrini təmin edən "Araz dəhlizi"nin mühüm elementi — Ağbənd–Kəlalə layihəsinin icrasında son mərhələyə qədəm qoyulduğu vurğulanıb. Araz çayı üzərində inşa olunan bu strateji avtomobil yolu və körpü infrastrukturu Azərbaycanın əsas hissəsini İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Türkmənistanda keçmiş SSRİ respublikalarını bir araya gətirən MDB sammiti keçirilir və İran ilk dəfədir ki, belə bir tədbirdə iştirak edir.

Sentyabrın sonlarında energetika nazirinin müavini Elnur Soltanovun, ötən həftə isə baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətləri İranda rəsmi görüşlər keçiriblər. Yerli medianın yaydığı məlumata görə, bu müzakirələrin əsas mövzularından biri də İranın Azərbaycandan elektrik enerjisi idxalını artırmaq niyyəti olub.