İran, Rusiya və Azərbaycan prezidentləri üçtərəfli görüş keçiriblər

İran İslami Respublikasının Prezidenti Məsud Pezeşkiyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər.

Görüşdə tərəflər mühüm və qarşılıqlı maraq kəsb edən məsələləri nəzərdən keçirərək, üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə imkanlardan istifadə olunması və regional əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər.

Üç ölkənin dövlət başçıları münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, iqtisadi, ticarət və regional əməkdaşlıq səviyyəsini yüksəltmək məqsədilə mövcud imkanlardan və birgə potensialdan yararlanmağın vacibliyini qeyd ediblər.

Xəzər dənizi ilə bağlı əməkdaşlıq və regional məsələlər də üçtərəfli görüşün əsas müzakirə mövzularından olub. Liderlər region ölkələri arasında əməkdaşlığın inkişafının əhəmiyyətini bəyan edərək, Xəzər hövzəsində birgə fəaliyyətin gücləndirilməsi və ortaq məqsədlərə çatmaq üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıblar.