Milli Məclis Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı qəbul etdiyi qətnaməyə cavab verib

Milli Məclis Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı qəbul etdiyi qətnaməyə cavab verib.

Avropa Parlamenti oktyabrın 8-də qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini ölkədə həbsdə olan müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərini azad etməyə çağırıb.

Milli Məclis isə qətnaməni "qərəzli siyasi aksiya" kimi qiymətləndirib və "yalan və saxta məlumatlar üzərində qurulduğunu" bildirib.

"Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir. Bütün bunlar təşkilatda azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü nümayiş etdirir", - bəyanatda qeyd olunub.

"Avropa Parlamentinin özündə mövcud olan vəziyyət də ciddi suallar doğurur. Son illərdə baş verən hay-küylü korrupsiya təhqiqatları, o cümlədən deputatların pulla ələ alınması, siyasi qərarların qəbuluna qanunsuz təsir göstərilməsi bu təşkilat qarşısında onun siyasi nüfuzuna toxunan və qəbul edilmiş parlament prosedurlarına etimadı sarsıdan məsələlər qoyub", - deyə əlavə olunub.

Milli Məclis Avropa Parlamentini Avropa İttifaqı ölkələrindəki problemlərə diqqət yetirməyə çağırıb.

"Azərbaycan barəsində qətnamələr qəbul edilib birmənalı tələblərin irəli sürüldüyü və sanksiyaların tətbiqinə çağırışlar edildiyi bir zamanda Avropa ölkələrinin özündə hüquq-mühafizə orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması, törədilmiş hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı çoxsaylı problemlər qalmaqdadır. Bu problemlərin miqyasını beynəlxalq hüquq müdafiə təşkilatlarının məruzələri də təsdiq edir. Xüsusən, bir sıra Avropa ölkələrində nümayişlərin keçirilməsi zamanı polis tərəfindən hədsiz güc işlədilməsi halları sənədlərlə təsbit edilib”, - bəyanatda yazılıb.