Azərbaycanı İsrail idarə edirmi? – DTX-ın terror əməliyyatında MOSSAD, Shin Bet və IDF-in iştirakı sualları gücləndirir

Daxili və xarici mətbuatda zaman-zaman Azərbaycanın sionist İsrail tərəfindən idarə edilməsi ilə bağlı yazılar dərc olunub. Hətta bəzi bloggerlərin əsaslandırmağa çalışdığı bu fikirlər geniş təhlil edilsə də, ümumi rəyə təsir göstərən “İsrail dostluğu” anlayışı bu düşüncəni ikinci plana atıb. Lakin son günlər İsrailin MOSSAD-ının iştirakı ilə aparıldığı iddia edilən əməliyyat xəbərləri geniş rezonans doğurub.

Martın 6-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə terror aktının qarşısını aldığını bildirərək əməliyyat görüntülərini yayıb. Məlumatda SEPAH-a aid olan dəstənin Azərbaycanda terror hazırlığında olduğu və dəstə üzvlərinin saxlanıldığı qeyd olunub. Hadisədən təxminən 40 gün sonra, aprelin 20-də İsrailin rəsmi media orqanları yeni məlumat yayıb. Məlumata görə, İsrailin MOSSAD kəşfiyyatı, İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Daxili Təhlükəsizlik İdarəsi (Shin Bet) birgə bəyanat yayıb.

Rəsmi sənəddə qeyd olunub ki, mart ayında DTX-nin “SEPAH-ın terror şəbəkəsini ifşa etdiyi əməliyyat”da İsrailin MOSSAD, Shin Bet və IDF qurumları da iştirak edib. Həbs edilən və axtarışda olan şəxslərlə yanaşı, planlaşdırılan terror aktının detalları sənəddə əks olunub. Diqqət çəkən məqam isə hər üç İsrail qurumunun Azərbaycanda dövlətin təhlükəsizliyinə cavabdeh orqanla birlikdə əməliyyat keçirməsidir. Belə bir əməliyyata İsrail təhlükəsizlik orqanlarının niyə cəlb edildiyi sualı yaranır.

Əlbəttə, məsələnin İsrail səfirliyi ilə bağlı tərəfi diqqət çəkə bilər. Lakin ölkənin təhlükəsizliyi ilə bağlı cavabdeh qurum olan DTX illərdir ölkənin təhlükəsizliyini qoruyur və Azərbaycanın sabitliyini təmin etməkdə kifayət qədər səriştəlidir. Buna görə də ikinci bir dövlətin yardımına ehtiyac duyulmayıb.

Bu həssas məsələ olduğu üçün İsrailin üç təhlükəsizlik orqanının Azərbaycanda anti-terror əməliyyatına cəlb edilməsinin səbəbi maraq doğurur. Rəsmi dairələr isə məsələyə dair heç bir açıqlama verməyib – nə təkzib, nə də təsdiq açıqlaması yoxdur. Rəsmi şəxslər hadisənin üzərindən susmaqla keçməyə üstünlük veriblər.

Ancaq eyni zamanda bu hadisə illərdir irəli sürülən “Azərbaycan sionizmin nəzarəti altındadır” fikrini yenidən aktuallaşdırır. Bu dəfə iddia yalnız adi vətəndaşların, media işçilərinin və bloggerlərin deyil, İsrailin rəsmi media orqanlarının dili ilə ortaya qoyulub.