İlahiyyatçı Toğrul Nuriyev inanclı xanımların həbsi ilə bağlı mövqeyini açıqladı

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin (MBHİH) üzvü İlahiyyatçı Toğrul Nuriyev son günlər ölkə gündəminə çevrilən inanclı xanımların həbsi məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin atdığı bu addım cəmiyyətdə ciddi narazılıq yaradıb və geniş ictimai müzakirələrə səbəb olub.

Toğrul Nuriyev vurğulayır ki, rəsmi qurumlar həbsləri Aşura günü ehsan paylanması ilə izah etsələr də, bu yanaşma cəmiyyəti qane etmir. Onun fikrincə, xanımların həbsi ilə bağlı görünən səbəb Aşura günü ehsan vermək olsa da, gizli qalan əsas məqam onların Qəzzaya dəstək nümayiş etdirməsi və sionist rejimə qarşı açıq tənqidi mövqe sərgiləməsi olub:

“Bu hadisələr göstərir ki, hakimiyyət sionist rejimə qarşı etiraz səsini ucaldan şəxsləri hədəf alır. Təəssüf ki, vəziyyət o yerə çatıb ki, artıq inanclı xanımlar belə həbs edilərək cəmiyyətdən təcrid olunur. Bu proses hakimiyyət–vətəndaş münasibətlərində gərginliyi daha da artırır.”

Nuriyev əlavə edib ki, insanların dini inancını ifadə etdiyinə görə cəzalandırılması nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunmazdır:

“İnancına görə kimisə cəzalandırmaq həm etik baxımdan yolverilməzdir, həm də mövcud qanunvericiliyə ziddir.”

Sonda ilahiyyatçı Azərbaycan hökumətinə müraciət edərək həbs olunan inanclı xanımların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.