Qəzzaya yardım daşıyan gəmilərə iki gündə 2-ci dəfə zərbə endirilib

Qəzza sakinləri üçün beynəlxalq yardım təşəbbüsü olan Qlobal Sumud Flotilliyası (QSF) daha bir gəmisinə hücum olunduğunu bildirib. 

Flotilliya üzvləri bildirib ki, Tunisin Sidi Bu Səid limanında lövbərdə dayanan, flotilliyanın ən böyük gəmisi "Alma"ya sentyabrın 10-a keçən gecə dronla hücum edilib. 

Bu, son iki gün ərzində iddia edilən ikinci belə hücumdur.

Bir gün əvvəl isə flotilliya üzvü, isveçli iqlim fəalı Qreta Tunberqi daşıyan "Ailə" gəmisinə dronla hücum edildiyi xəbəri yayılmışdı. 

Flotilliya 10 sentyabr hücumundan olduğu iddia edilən videonu "Instagram" səhifəsində paylaşıb. Videoda parıldayan bir obyektin gəmiyə düşdüyü, dərhal sonra gəmidə yanğın başlaması müşahidə olunur. 

Tunisin Daxili İşlər Nazirliyi 9 sentyabr insidenti ilə bağlı açıqlamasında dron hücumu barədə məlumatların “heç bir əsası olmadığını” və gəmidə yanğının öz-özünə baş verdiyini bildirib.

Flotilliya üzvləri isə bildirib ki, Britaniya bayrağı altında olan "Alma" gəmisinin üst səthi zədə alıb və araşdırma aparılır.
Sonradan qrup üzvləri  gəminin üst səthindən götürüldüyünü iddia etdikləri “kömürə dönmüş elektron cihazın” şəklini yayıb.

“Tam araşdırma davam etsə də, belə bir cihazın mövcudluğu gəminin qəsdən hədəfə alındığını göstərən əlavə işarədir", -  deyə açıqlamada bildirilir.

İnsidentlər zamanı heç bir qrup üzvünün yaralanmadığı bildirilir. 

Fəallar insidentlərə baxmayaraq planlaşdırıldığı kimi “sülh yolu ilə səfərlərinə” davam edəcəklərini bildiriblər və flotilliyanın “qətiyyət və əzm ilə irəlilədiyi” vurğulayıblar. 

Flotilliya üzvləri 44 ölkədən olan nümayəndə heyətlərindən təşkil olunub. Onlar İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yararaq fələstinli əhaliyə yardım çatdırmağı hədəfləyirlər. 

Onlar arasında isveçli fəal Tunberq və portuqaliyalı solçu siyasətçi Mariana Mortaqua da var. 

İsrail 2007-ci ildə HƏMAS qruplaşmasının Qəzzaya nəzarəti ələ keçirməsindən bəri sahil ərazisinə blokada tətbiq edir və bunu silah qaçaqmalçılığının qarşısını almaqla əsaslandırır. 

Cari müharibə dövründə isə qida və digər yardımlar üzərində blokada daha da gücləndirilib. Qlobal aclıq monitorinqi aparan təşkilat iyul ayında bildirib ki, Qəzza sakinlərinin bir hissəsi aclıqdan əziyyət çəkir.

İyun ayında isə İsrail dəniz qüvvələri flotilliyaya məxsus, Britaniya bayrağı altında olan gəmini ələ keçirib, Tunberq də daxil olmaqla göyərtədəki fəalları həbs edib.