Gürcüstan müxalifətinin mitinqi bu dəfə insidentsiz keçib

Sentyabrın 9-da axşam Tbilisinin meri Kaxa Kaladzenin qərargahı qarşısında müxalifət mitinq keçirib. Bir gün öncə Melikişvili küçəsindəki qərargahda hakim "Gürcü Arzusu"nun tərəfdarları müxalifət tərəfdarlarına və jurnalistlərə hücum etmişdilər.

Mitinq iştirakçıları Tbilisi Filarmoniyasının qarşısında toplaşaraq daha sonra qərargaha keçiblər. Onlara İctimai Yayım şirkətinin binasından başlayan və hər gün keçirilən yürüşün iştirakçıları da qoşulub.

Etirazçılar "Gürcü Arzusu" üzvlərinin ünvanına təhqirlər qışqırıb, "Ole, Ola" mahnısını oxuyublar. AzadlıqRadiosunun gürcü xidməti məhz bu melodiyanın hakim partiya təmsilçilərində narazılıq yaratdığını yazır. Toplaşanlar həmçinin "rusebo" (ruslar) şüarını səsləndiriblər.

Melikişvili küçəsinə polis əməkdaşları cəlb olunsalar da, birbaşa qərargahın girişində görünməyiblər.

Hakim partiyanın nümayəndələri binadan çıxmayıblar və mitinq ciddi insident olmadan bitib. Sonradan etirazçılar gündəlik aksiyaların keçirildiyi ənənəvi yerə – Rustaveli prospektindəki parlament binasına doğru gediblər.

Sentyabrın 8-də "Gürcü Arzusu"nun tərəfdarları etirazçılara butulka, daş atmışdılar. Jurnalistlər daxil olmaqla azı 10 nəfərin xəsarət aldığı bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi isə K.Kaladzenin qərargahı qarşısındakı "Gürcü Arzusu" seçki bannerlərinin zədələnməsi ilə bağlı əmlaka zərər vurmaq və ya məhv etmək maddəsi üzrə cinayət işinin başladığını açıqlayıb. Bu maddə üzrə 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

K.Kaladze 4 oktyabr seçkilərində yenidən namizədliyini verib.

Gürcüstanda ötən ilin oktyabrında parlament seçkilərindən sonra siyasi çaxnaşma davam edir. "Gürcü Arzusu" səslərin 54 faizini təmin etsə də, müxalifət və Qərb hökumətləri seçkinin pozuntularla, Rusiyanın müdaxilə ilə keçdiyini deyirlər.

Müxalifət fəalları seçkilərdən sonra gündəlik nümayişlər keçiriblər. Hakim partiya Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarı verəndən etirazlar intensivləşib. Polisin etirazçılara qarşı aşırı gücdən istifadə etməsi, hətta işgəncə verməsinə dair ittihamlar var.

Davamlı etirazlara baxmayaraq, baş nazir İrakli Kobaxidze istefa verməkdən imtina edib, ziyasi rəqiblərini cəzalandırmaqla hədələyib. Kobaxidze onları etirazlardakı zorakılığın arxasında durmaqda ittiham edir.