Maduro: Venesuelaya hücum olsa, silahlı mübarizə mərhələsinə keçəcəyik

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə mümkün hərbi müdaxiləsinə münasibət bildirib.

Paytaxt Karakasda hərbçilərlə görüşən Maduro ABŞ prezidenti Donald Trampın təyyarələrini vurmaqla bağlı təhdidinə də cavab verib.

"Hazırda silahsız mübarizə mərhələsindəyik. Bu, siyasi, kommunikasiya və təşkilati bir mərhələdir. Venesuelaya hücum edilərsə, silahlı mübarizə mərhələsinə keçəcəyik. Biz sülhsevərik, eyni zamanda döyüşçü xalqıq. Heç kim bizi bu gün deyil, gələcəkdə də kölə edə bilməz. ABŞ Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməlidir. Hücum baş verərsə, xalqımız milli, yerli və regional səviyyədə planlı və mütəşəkkil şəkildə silahlı mübarizə mərhələsinə qədəm qoyacaq", - o bildirib.