Məhkəmə siyasi məhbus ailələrinin Tolikə qarşı qaldırdığı şikayəti icraata götürməyib

İyulun 10-da Nərimanov Rayon Məhkəməsində siyasi məhbus ailələrinin Tolikə (Tarix Əliyev) qarşı qaldırdığı şikayət əsasında məhkəmə prosesi baş tutub.

Kamal Babayevin başçılıq etdiyi hakimlər kollegiyası siyasi məhbus ailələrinin şikayətini icraata götürməkdən imtina edib.

Vəkil Zibeydə Sadıqova “Time TV”-yə bildirib ki, buna səbəb məhkəməyə təqdim olunan videodiskdə T.Əliyevin “nalayiq ifadələri” olan hissənin silinmiş olmasıdır.

Vəkil videogörüntünün hansı şəkildə və niyə kəsildiyinin izahını verməkdə çətinlik çəkdiyini qeyd edib.

Z.Sadıqova bununla bağlı məhkəməyə yenidən müraciət edəcəklərini deyib.

Hazırda həbsdə olan inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, jurnalist, Arzu Abdulla hələ ötən ay bildirmişdi ki, Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus ailələrinin sayı hazırda 78 nəfərə çatıb:

“Biz artıq Toliklə bağlı məhkəməyə müraciət etmişik. Onun sosial şəbəkədə qoşulduğu bir söhbətdə məhbus ailələrini təhqir etməsi təkcə məhbus ailələrinin deyil, bütün ləyaqətli insanların qəzəbinə səbəb olub. Biz konstitusiyon ölkədə yaşayırıq və bu kimi xoşagəlməz halların qanun çərçivəsində həll edilməsinə çalışırıq. Eyni zamanda, Tolik cəzalandırılmayana qədər biz mübarizəmizi davam etdirəcəyik”.

Tarix Əliyev ötən ay “Tiktok” sosial şəbəkəsində canlı yayımlardan birində beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir edib, onlar haqda qeyri-etik ifadələrdən istifadə etmişdi.

Bu da ictimai müzakirələrə və siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin narazılığına səbəb olmuşdu.
Bundan sonra bir qrup məhbus ailəsi Tarix Əliyevi məhkəməyə vermişdi.

Aardınca siyasi məhbus kimi tanınan bir sıra jurnalist anaları bəyanat yaymışdılar.

Bəyanatda bildirilir ki, “Tolik” Azərbaycan cəmiyyətində hakimiyyətin qeyri-rəsmi təbliğat simalarından biri kimi çıxış edir və iqtidarın mesajını televiziya üzərindən cəmiyyətə ötürür.

“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”, - bəyanatda deyilirdi.

 

ToplumTv