Məhkəmə 105 gündür aclıq edən Zamin Salayevi 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, bu gün Qaradağ Rayon Məhkəməsində azad edilməsi tələbi ilə 105 gündür aclıq edən Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayevin işi üzrə proses başa çatıb.

Prokuror onun 4,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə ona 4 il həbs cəzası verib.

İclas zamanı Salayevin vəziyyəti pisləşib və ona təcili yardım çağırılıb.

Müdafiə tərəfi hökmü qanunsuz hesab edir və ondan şikayət vermək niyyətindədir, bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə, Salayev aclığı davam etdirmək niyyətindədir.

AXCP lideri Əli Kərimli məhkəmə binasının qarşısında jurnalistlərə bildirib ki, Salayev barəsində hökm "müxalif fəaliyyətinə və əyilməzliyinə görə hakimiyyətin fəaldan siyasi qisasıdır". 

* Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu silahdan istifadə ilə xuliqanlıq ittihamı ilə (CM-in 221.3-cü maddəsi) həbs edib.

ABŞ-ın Bakıdakı səfirliyi Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.