Los-Ancelesin mərkəzində komendant saatı tətbiq olunub

Los-Ancelesin meri Karen Bass şəhərin bəzi mərkəzi bölgələrində komendant saatının tətbiq olunduğunu açıqlayıb.

Bu barədə o, "X" hesabında paylaşım edib.

Merin sözlərinə görə, bu addım bəzi etirazçıların qarışıqlıqdan sui-istifadə edərək törədə biləcəyi qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi daşıyır.

O, ABŞ Prezidenti Donald Trampın eskalasiyanı daha da gərginləşdirdiyini qeyd edib.

Karen Bass şəhər sakinlərini mərkəzi hissədən uzaq durmağa çağırıb və xəbərdarlıq edib ki, komendant saatını pozan şəxslər saxlanılacaq və məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, Los-Ancelesdə etirazlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin şəhərin mərkəzində keçirdiyi reyd zamanı qanunsuz miqrantların saxlanılmasına dair kütləvi əməliyyatdan sonra başlayıb.

Etirazları yatırmaq üçün ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın 2 minə yaxın heyətini Los-Ancelesə yeridilməsini əmr edib.