Kürdüstan Fəhlə Partiyası (PKK) noyabrın 17-də Türkiyə ilə sərhədyanı İraq bölgələrindən öz silahlı dəstələrini geri çəkdiyini elan edib.
Bu barədə kürd mediası “Rudaw” telekanalı xəbər yayıb. Qurumun açıqlamasında bu addımın məqsədinin Türkiyə ordusu ilə qarşıdurmaların qarşısını almaq və Ankara ilə sülh danışıqlarına şərait yaratmaq olduğu bildirilir.
“Noyabrın 16-na vəziyyətə görə, qüvvələrimiz Zap bölgəsini tərk edib. Hazırda bu ərazidə qarşıdurma riski tamamilə aradan qaldırılıb. Bu addımın kürd məsələsinin həllinə və Türkiyədə demokratikləşmə və sülh prosesinə töhfə verəcəyinə inanırıq”, - PKK-nın bəyanatında deyilir.
Oktyabrın sonunda PKK Türkiyə ərazisindəki bütün mövqelərindən geri çəkildiyini açıqlayıb. Qurum həmçinin sərhəd boyunca qarşıdurma və ya təxribat riski olan mövqelərdə də eyni addımların atılacağını bildirib.
PKK lideri, hazırda Türkiyədə ömürlük həbsdə olan Abdullah Öcalan 2025-ci ilin fevralında təşkilata bağlı bütün qrupları silahı yerə qoymağa və Ankara ilə qarşıdurmaya son verməyə çağırıb. May ayında keçirilən PKK qurultayında isə təşkilatın özünü buraxması və Türkiyə ilə təxminən 50 illik silahlı münaqişəyə son qoyması barədə qərar qəbul edildiyi elan olunub.
Kürdüstan Fəhlə Partiyası Türkiyə ilə sərhədyanı İraq bölgələrindən geri çəkdiyini elan edib