“Meydan TV işi” üzrə həbs edilən Nurlan Libre təcridxanadan yazır:
Həbs edilməyimin üzərindən 8 ay keçməyinə baxmayaraq, necə saxlanılmağımı hələ də yaxşı xatırlayıram. Səhər saatları idi. Nərimanovda dostumun evindən çıxırdım. Həmin gün onsuz da həbs ediləcəyimi bilirdim. Həmin gün üçün planım hazırladığım sonuncu reportajı Meydan TV-yə təhvil vermək və azadlıqda sonuncu saatlarımı sevdiyim insanlarla keçirmək idi. Düşünürdüm ki, polislər məni yaşadığım məhəllədə, Sumqayıtda gözləyirlər. Elə məhz buna görə də bir həftə idi ki, rayonlarda sərgərdan gəzirdim, reportaj hazırlayırdım. Təəssüf ki, polis elə məni məhəllədə gözləyirdi (Nərimanovda).
Üzərimə maskalı 3 polis hücum etdi və məni yerindəcə qandalladılar. Kameranı əlimdən aldılar. Həmin an uzunmüddətli həbs olunacağımı bilirdim. Amma bundan qorxmurdum. Tək düşündüyüm günlərlə hazırlamaq üçün əziyyət çəkdiyim reportajın polislərin əlinə keçməyi oldu. Günü bu gün də peşmanam ki, reportajımı redaksiyaya təhvil verə bilmədim. Həbs edildiyim ilk andan indiyə kimi bir dəfə də olsun Meydan TV ilə əməkdaşlıq etdiyimə və buna görə cəzalandırıldığım üçün peşman deyiləm. Həbsxana kartoçkamın üzərinə “Meydan TV “, “jurnalist “, “nəzarət “ sözləri yazılıb. Hər dəfə bu sözləri oxuyanda bir daha özümlə fəxr edirəm ki, mən həqiqəti insanlara çatdırdığım üçün həbsdəyəm.
Kürdəxanıda tez-tez bir zamanlar barəsində reportaj hazırladığım dustaqlar çıxır. Bəzən onlar məni tanıyır, bəzən də mən onlarla ünsiyyət qururam. Mənə verdikləri ilk sual “Bəs səni niyə tutublar?» olur. Mənsə cavabında “haqsız həbslərə göz yummadığım üçün buradayam”, – deyirəm.
Burada gördüyüm mənzərə acınacaqlıdır. Hər gün nə qədər insan “narkotik “ və “silah” ittihamları ilə şərlənir. Bizim çəkdiklərimiz ümumi mənzərənin heç 1% i belə deyil. Bu haqsızlıqlara göz yummayacağıq. Zindandan yazmağa davam edəcəyəm! Meydandayıq!
"Mən həqiqəti insanlara çatdırdığım üçün həbsdəyəm"