Komitə: "Girovları dəyişmək təklif etdik, erməni tərəfi qəbul etmədi"

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana girovları dəyişmək təklif edib və erməni tərəfindən imtina alıb. 
 
Bu barədə Komissiyanın yaydığı məlumatda deyilir.
 
Məlumatda bildirilir ki, belə təklif hələ 2016-cı ildə edilib.
 
"Azərbaycan Respublikası tərəflərdə saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif etmişdir" - komitə deyib. 
 
Lakin Ermənistan bu təklifdən və Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri Karen Kazaryan və Araik Kazaryanla qarşılıqlı mübadilədən imtina etdi.
 
Komissiya Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdıraraq bildirib ki, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin "hamının-hamıya" mübadiləsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edib.
 
D.Əsgərov və Ş.Quliyev 2014-cü ildə Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Separatçı "Dağlıq Qarabağ Respublikası"nın məhkəməsi D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.