Azərbaycan və Ermənistan nazirləri görüşüb

Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu barədə tvitter səhifəsində bildirib.
 
Görü.m Nyu-York şəhərində baş tutub.
 
L.Abdullayeva qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
 
E.Məmmədyarovun ABŞ-a səfəri BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub. Səfər çərçivəsində o, sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət müzakirə edilib. Habelə, ümumilikdə münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivlərinin nəzərdən keçirildiyi bildirilir.
 
Bundan əvvəl də nazirlər bu ilin iyununda yenə ABŞ-da (Vaşinqton) görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdılar.