Kamil Mahmudovla ailəsi 18 gündür əlaqə saxlaya bilmir

Mayın 31-də saxlanıldığı 3 saylı Şüvəlan İstintaq Təcridxanasından 10 saylı cəzaçəmkə müəssisəsinə köçürülən Kamil Mahmudovla ailəsi heç cür əlaqə saxlaya bilmir. Ağır ürək xəstəsi olan həyat yoldaşının iyunun 18-də 10 saylı müəssisəyə görüş cəhdi də nəticəsiz qalıb. 

Xanımının bildirdiyinə görə iyunun 19-da ediləcəyi ürək əməliyyatı öncəsi həyat yoldaşını görmək üçün Kamilin köçürüldüyü 10 saylı müəssisəyə gəlib. Rəhbərliyə anladıb ki, o, əməliyyata hazırlaşır və bu, onun həyat yoldaşı ilə son görüşü ola bilər, deyə onun həyat yoldaşı ilə görüş imkanı yaradılmasını istəyib. 

Müəssisə rəhbərliyi isə artıq 18 gündür bura köçürülən və bu günə qədər ailəsi ilə telefon əlaqəsi belə qurmayan Kamillə bağlı heç bir məlumat vermədən görüşün mümkünsüzlüyünü bildirib. Xanımın həyat yoldaşı ilə telefon zəngi istəyi də rədd olunub.