10 aydır həbsdə olan ictimai fəal Nicat İbrahimə 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Hökm iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Azadlıq Radiosu yazır ki, Nicat İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Onun Bəhmən Əliyev adlı şəxsi bıçaqladığı iddia edilir. Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə irəli sürülən ittihama isə xitam verilib.
Hökmdən əvvəl son sözünü deyən fəal özünü təqsirsiz hesab etdiyini bildirib:
“Heç kimi bıçaqlamamışam. 2020-ci ildə prezident İlham Əliyevin istefası ilə bağlı sosial mediada paylaşım etdiyimə görə məndən hələ də qisas alınır. Ona görə şərlənmişəm. Nə istəyirlər məndən, ailəmdən, anlamıram. Ölkədən çıxmağa da imkan vermirlər. Bir neçə gün əvvəl evimizi yandırıblar, bütün əşyalar kül olub”.
İctimai fəal Nicat İbrahim 6 il 6 ay azadlıqdan məhrum edilib