Hacı Şahinin dəfni sonrası dindarları hədəfə alanlar kimlərdir? - Bir qərəzin izi ilə...

Məşədi Dadaş məscidinin yeni imamı (artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi baş verib, yəqin ki, məscidə bu qurum özü imam təyin edəcək – müəllif.) Elbrus Kərimovun cümə xütbəsindən 105 saniyəlik hissənin İTV tərəfindən yayımının sosial şəbəkədə müzakirəyə çıxarılması qərəzdən başqa bir şey deyildi. 

Əvvəla, E.Kərimovun məlum çıxışı Cümə xütbəsi deyil, xütbədən 1 dəqiqə 45 saniyəlik hissə idi. Özü də bu hissədə yalnız mərhum Hacı Şahindən söhbət gedir. Xətib məscidə yeni imamın seçildiyini elan edir. Yəni xütbə və ya dini söhbət olmur. İkincisi, hər kəsə, o cümlədən Fazil Müstafaya da məlumdur ki, xütbə ən azı 30 dəqiqə davam edir, 105 saniyəli cümə xütbəsi olmur. 

Aydın məsələdir ki, Bakının ən qələbəlik məscidində qəfil vəfat etmiş imamı əvəzləyəcək şəxsin kimliyi maraq doğuran hadisədir. Bu səbəbdən də İctimai Televiziyanın buna diqqət ayırması, yeni imamın dəqiqə yarımlıq çıxışını efirə verməsi telekanalın hansısa məzhəbə xüsusi simpatiyası və ya sifarişi deyil, sıradan, amma maraq doğuran xəbərdir. 

Lakin Hacı Şahinin dəfində yaranan izdihama, eləcə də sonrakı günlər qəbir ziyarətinə insan axınına reaksiyalar, eləcə də hazırlanan yazılar göstərdi ki, cəmiyyətdəki dini həssaslıq bəzi şəxsləri narahat edib. Əsəbi reaksiyalar isə konkret olaraq, Hacı Şahin amilindən daha çox insanların dini həssaslığına görədir. 

Yeri gəlmişkən, "qərəz" - ərəb sözüdür, məqsəd, niyyət, daha çox gizli məqsəd mənasına gəlir. Yəni, bir adam haqqında “qərəzlidir” deyilirsə, o adamın əməlinin arxasında xüsusi məqsədin olduğuna inanılır. Hacı Şahinin dəfn mərasimi, daha sonra qəbrinin ziyarətinə, nəhayət əvəzedicisinə qeyri-obyektiv reaksiya qərəzə, yəni xüsusi məqsədə işarədir. Bu məqsəd isə heç də sağlam və sülhsevər deyil. 
Amma belə məlum olur ki, mərhum Hacı Şahin mövzusu ətrafında qərəzli davrananların siyahısı daha geniş imiş. Sifarişçi isə əslində ölkədə dini sabitliyə xidmət etməli olan qurum - Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin yüksək rütbəli məmuru, daha doğrusu, sədr müavini imiş. 

Bu barədə ilk yazını iki gün əvvəl araşdırmaçı-jurnalist Samir Feyruzov yazdı. Jurnalist yazısında bildirirdi ki, Hacı Şahinə qarşı qarayaxma kampaniyasının arxasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovun dayanır. Yazıda qeyd olunur ki, hətta Hacı Şahinin sağlığında S.Heydərovun təşəbbüsü ilə ona qarşı fəaliyyət göstərən icma yaradılıb:

“Siyavuş Heydərov Hacı Şahinin sağlığında ona qarşı müxtəlif təxribatlar törədir, dövlətə bağlı dindarların fəaliyyətinə mane olurdu. Bu adam məzhəbçiliyi qızışdırır, hazırda Hacı Şahini hədəfə alan bəzi jurnalistlər və siyasətçilər Siyavuş Heydərovdan qidalanırlar. Sifarişi verənlərdən biri budur”.

Jurnalist yazır ki, məhz S.Heydərovun tapşırığı ilə Dini Komitənin əməkdaşları məzhəbçi, Hacı Şahini hədəfə alan statuslar paylaşırlar. Yazıda o da vurğulanır ki, Siyavuş Heydərov ciddi cəhdlə çalışır ki, “Məşədi Dadaş” məscidinə öz adamını təyin etdirsin. “Əslində isə bu adamın məqsədi məscidi məhv etməkdir. Qısası, S.Heydərov Hacı Şahinin ölüsündən də qorxur” - deyə yazıda qeyd olunur.

Bu arada qeyd edək ki, sosial şəbəkələrdə deputat Fazil Mustafanın Məşədi Dadaş məscidinə yeni imamın seçilməsi xəbərini müzakirəyə çıxaran statusu Dini Komitənin əksər əməkdaşları tərəfindən sosial mediada paylaşıldı . Doğrudur, Dini Komitə əməkdaşlarının ucdantutma F.Mustafanın statusunu paylaşmasının “screen”ləri sosial şəbəkələrdə yayıldıqdan sonra onların bir çoxu palaşımlarını sildilər. Lakin necə deyərlər, ox artıq yaydan çıxmışdı.  

Bu faktın özü onu göstərir ki, Hacı Şahin mövzusu ətrafında sosial mediadakı antimilli postların, xüsusən də komitənin “troll” funksiyasını icra edən jurnalistlərin canfəşanlığının arxasında dövlət orqanının yüksək rütbəli məmuru dayanır. Yoxsa ki, bütün komitə əməkdaşlarının, tanınmış trolların sözləşmiş kimi deputatın statusunu eyni anda paylaşması, Hacı Şahinin məzarını ziyarət edənləri hədəfə alması ağılabat deyil. 

Amma necə deyərlər, iş bununla da bitmədi. Çərşənbə günü mediada məlumat yayıldı ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş məscidinə din xadimi təyinatını təkzib edir. Dini Komitədən bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu qayda əsasında həyata keçiriləcək. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məşədi Dadaş məscidi dini icmasının üzvləri ilə görüşərək icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.

Bu məlumat isə Dini Komitə rəsmilərinin Məşədi Dadaş məscidinə yeni imam təyinatı və bununla bağlı deputatın statusunu niyə bəyənib paylaşdığını açıqlayır. Burdan aydın olur ki, dövlət komitəsinin əməkdaşları nədən Elbrus Kərimovun təyinatı və 1 dəqiqə yarımlıq çıxışının İTV efirində verilməsini tənqid edən sosial media fəaliyyətlərini dəstəkləyirmiş. 

Digər tərəfdən, bütün bu yazı, açıqlama və xəbərlər onu göstərir ki, Hacı Şahinin dəfni sonrası ona, rəhbərlik etdiyi icma və ümumilikdə dindarlara qarşı isterik reaksiyaların arxasında S.Feyruzovun iddia etdiyi kimi yüksək vəzifəli şəxs və ya şəxslər dayanır. Özü də burda hədəf yalnız Hacı Şahinin şəxsiyyəti və ya məscid deyil, bütövlükdə dindar camiədir.

O da məlum olur ki, Hacı Şahinin qəbrinin ziyarətinin media və sosial bu tip mövzularda “ixtisaslaşmış” şəxslər tərəfindən hədəfə alınması, Azərbaycan insanlarının yüz illərdir etdiyi qəbir ziyarətini az qala xarici dövlətin kəşfiyyat fəaliyyəti kimi təqdim edib, dindarlara qarşı “əcinnə ovu” ab-havası yaratmaq cəhdi qeyd olunan qurum və şəxsin sifarişi olub. Artıq mediada Hacı Şahinin məzarının təmir adı ilə ziyarətə bağlanmasının da bu dairələrin işi olduğu, səlində isə iddia olunduğu kimi qəbirin üstünün yaxın zamanda götürülməyəcəyi, sadəcə ailədən belə çağırış etməsi tələb olunduğu barədə yazılar yer alıb. 

Göründüyü kimi, mühüm dövlət postunu tutan bəzi şəxslər dini mövzu üzərindən süni ajiotaj yaratmağa, dindar təhlükəsi ab-havası yaradaraq ölkədə formalaşmış dini sabitlik mühitini pozmaq və bütün bunların fonunda öz cılız hədəflərini – qərəzlərini – həyata keçirməyə çalışırlar. Bakıda ən böyük dini icmalardan biri olaraq Hacı Şahinin rəhbərlik etdiyi Məşədi Dadaş məscidi bu illər ərzində ən həssas, taleyüklü məsələlərdə Azərbaycan dövlətçiliyinin, üzçrəngli bayrağın yanında dayanıb, dövlət-din münasibətlərinin sağlamşalması üçün əlindən gələni edib. Dini sahədə bu cür sağlam təməllər atmış din xadiminin dəfnindən 10 gün keçməmiş oyun qurmaq, məscidi öz aləmində ələ keçirmək üçün kütləvi qaralama kampaniyası təşkil etmək Azərbaycan dövlətinə qarşı təxribat, sağlam təməlləri atılmaqda olan din-dövlət münasibətlərinə zərbədir. 

Azərbaycanda İrandan gələn təsirə qarşı dayanan, müqavimət göstərən icmanı İran təbliğatı adı ilə qaralamağa çalışmaq faktiki olaraq son günlərdə yenidən fəallaşan Azərbaycana qarşı olan qüvvələrin çörəyinə yağ sürtməkdir. Bilənlər də bilir ki, İrandan idarə olunan o qrupların qarşısında əsas maneə Hacı Şahin idi. Belə görünür ki, Heydərov və onun “dəstəsi”nin bu məsələdə İrandakı qruplarla maraqları üst-üstə düşür, çünki hər ikisinin hədəfində eyni şəxs və eyni icmadır.

 

Azsiyaset.com