Gürcüstanda İmam Rza (ə) mövludu keçirildi

Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndində yerləşən İmam Rza (ə) məscidində İmam Rza (ə) mövludu münasibətilə möhtəşəm bayram tədbiri təşkil olunub. Tədbir Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları arasında yerli sakinlər, din xadimləri, gənclər və qadınlar da daxil olmaqla geniş ictimaiyyət yer alıb. Məscidin həyətində qurulan xüsusi süfrələr, bəzədilmiş məkan və mehriban ab-hava bayram tədbirini daha gözəl edib.
Tədbirdə həmçinin Qurani-Kərim yarışmasının iştirakçı və müəllimləri mükafatlandırılıb. Onlara sertifikatlar və hədiyyə təqdim olunub.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək İmam Rza (ə) mövludu münasibətilə iştirakçıları təbrik edib, İmamın həyatından və onun İslam dünyasında oynadığı mühüm rolundan danışıb. Tədbirdə digər ilahiyyatçılar da çıxış edərək İmam Rza (ə) barəsində dəyərli fikirlərini bölüşüblər.
Məclis İmam Zaman (ə.c) duası ilə başa çatıb.