Həbs edilən inanclı xanımlar, aclıq aksiyasına başlayıblar

Xanımların məhkəmə iclasları keçirilib. Proses ayrı-ayrılıqda keçirilib. Seyyidə Şəhla xanım iclas zamanı baş verən haqsızlıqlara kəskin şəkildə etiraz edib. Bundan sonra qarşıdurma yaranıb və nəticədə Seyyidə Şəhla xanımın ayağı sınıb. Onun ayağının sınması vəziyyətin nə dərəcədə gərgin keçdiyini və Seyyidə xanıma qarşı hansı səviyyədə fiziki güc tətbiq olunduğunu açıq şəkildə göstərir.
Seyyidə Şəhla xanım Cümə günündən etibarən aclıq aksiyasına başlayıb. Onun səhhətində olan problemləri nəzərə alaraq deməliyik ki, aclıq aksiyası həyatına ciddi təhlükə yarada bilər.
Digər məhbus, Şərqiyə Sadıqova da məhkəmə iclasında çıxarılan hökmə etiraz edib. O bildirib ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunduğu halda haqqında ev dustaqlığı təyin edilib, mən isə heç bir günahım olmadan həbs edilmişəm. Şərqiyə xanımın vəkili hökmə etiraz etsə də, bu etiraz qəbul edilməyib. Onun sözlərinə görə, hakim etirazlara məhəl qoymayıb və məhkəmə iclası “quraşdırılmış teatr səhnəsi”nə bənzəyib. Bundan sonra Şərqiyə Sadıqova da aclıq aksiyasına başlayıb.
Ədalətsiz məhkəmə qərarına etiraz olaraq Nigar Bağırova və Aytən İbrahimova da aclıq aksiyasına qoşulublar. Hazırda əldə edilən məlumata əsasən, dörd xanım aclıq aksiyasını davam etdirir.
Qeyd edilir ki, Şərqiyə Sadıqova xəstə olduğuna görə aclıq onun səhhətinə ciddi zərər vura bilər. O, həmçinin vəsiyyət edərək bildirib ki, vəfat etdiyi təqdirdə cənazəsi Bibiheybət ziyarətgahında dəfn olunsun.
Şərqiyə Sadıqova, Aytən İbrahimova və Nigar Bağırova 9 noyabrdan etibarən, Seyyidə Şəhla Fərəcova isə 7 noyabrdan etibarən aclıq aksiyasına başlayıblar.
Aclıq aksiyasına qoşulan xanımlar qətiyyətlə bildiriblər ki, tələbləri yerinə yetirilmədiyi təqdirdə, aksiyanı ölümə qədər davam etdirəcəklər.
 
 
Məhbus Məktubu