Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 23 ərizə üzrə 6 qərar və qərardadını elan edib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, “Fuad Əhmədli və başqaları Azərbaycana qarşı” – məhkəmə işi ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların inzibati xətalara görə məhkum edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı olub. AİHM bu işdə Konvensiyanın 6.1, 6.3-cü və 11-ci maddələrinin pozulmasına qərar verib.

“Nəriman İsmayılov və başqaları Azərbaycana qarşı”, “Yalçın Abdullayev və başqaları Azərbaycana qarşı”, “Elman Quliyev Azərbaycana qarşı” və “Xalid Bağırov və başqaları Azərbaycana qarşı” məhkəmə işlərində də oxşar məsələlərlə bağlı müvafiq qərar çıxarılıb. 

“Səlimə Cəlilova Azərbaycana qarşı” – məhkəmə işində isə jurnalist olan ərizəçinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlı olub. Ərizəçi AİHM qarşısında hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verdiyini iddia edib. Məhkəmənin qərardadına görə, hökumət jurnalistə 5 min avro ödəməlidir.

Avropa Məhkəməsinin qərarlarına əsasən, Azərbaycan hökuməti hüquqşünasa, jurnalistə, siyasi fəallara ümumilikdə 60 min avro təzminat ödəməlidir.