ABŞ-nin Ukraynanı Rusiya ilə sülh sazişinə məcbur etmək üçün hərbi yardımı dayandırmaqla hədələdiyi bildirilir

ABŞ-nin Ukraynanı Rusiya ilə sülh sazişinə məcbur etmək üçün hərbi yardımı dayandırmaqla hədələdiyi bildirilir.
Bunu "Reuters" agentliyi adları açıqlanmayan iki mənbəyə əsasən yazıb.
Mənbələr deyiblər ki, Kiyev sülh danışıqlarının əvvəlki dövrü ilə müqayisədə daha böyük təzyiq altındadır və ABŞ Ukraynanın noyabrın 27-ə qədər Rusiya ilə sülh barədə çərçivə sənədini imzalamasını istəyir.
“ABŞ müharibəni dayandırmaq istəyir, amma bunun bədəlini Ukraynanın ödəməsini tələb edir", - mənbələrdən biri bildirib.
ABŞ-nin yüksək rütbəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti noyabrın 20-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin təklif etdiyi yeni sülh planını müzakirə etmək üçün görüşüb.
ABŞ-nin Ukraynadakı səfiri və ABŞ ordusunun ictimaiyyətlə əlaqələr rəhbəri görüşü yaxşı dəyərləndirib və bildiriblər ki, Vaşinqton ABŞ və Ukrayna arasında çərçivə sənədinin imzalanması üçün "aqressiv şəkildə bir vaxt cədvəli” istəyir.
"Reuters" daha öncə mənbələrinə istinadən bildirib ki, ABŞ-nin yeni təklifləri arasında Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması, bu ölkənin NATO üzvlüyü iddiasından əl çəkməsi, Rusiya üzərindən sanksiyaların götürülməsi, Krım, Luqansk və Donetskin Rusiyaya verilməsi kimi şərtlər var.