“Peyğəmbər buyurur ki, Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur”

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləridir.

Gürcüstanın tanınmış ruhanisi, ilahiyyatçı alim Marneulinin Baş Axundu və İmam Hüseyn (ə) məscidinin imamı Hacı Əziz Nəbiyevdən bununla bağlı münasibət bildirib. 

“Bismillahir Rəhmanir Rəhim

Xanım Fatimeyi Zəhranın (s.ə) dünyaya gəldiyi gün İslam Aləmində ən əzəmətli günlərdən biri hesab olunur. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsulallaha müjdə verir; Qurani Kərimin Kövsər surəsini nazil edir.  Peyğəmbər buyurur: Allah Fatimənin qəzəbilə qəzəblənir, onun sevincilə sevinir. Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim onu incitsə, məni incidib, onunla düşmənçilik edən mənimlə düşmənçilik edib. Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur.”

Bizim üçün əsas və mühüm budur ki, bu zülmət dolu dünyada yolunu azmağa meylin çoxaldığı bir zamanda hidayət yolunda qalmağımız, dünya və axirət xoşbəxtliyini əldə etməyimiz üçün Fatimeyi Zəhranı (s.ə)  tanıyaq, onun həyatda yaşam tərzini öyrənək və onu özümüz üçün nümunə qərar verək. Həzrəti Fatimeyi Zəhranın(s.ə) həyat yoldaşı ilə davranışını, uşaqların necə tərbiyyə edilməsini ondan nümunə götürək. İctimai məsuliyyət, o cümlədən məhrum və kimsəsiz ailələrə qarşı fədakarlığı, sadə yaşam tərzi, Allah qarşısında ibadət və dua etməsi bizim üçün örnək və nümunə olmalıdır.”