Türkiyədən qayıdan Naxçıvan sakinləri pullarının polis tərəfindən alındığını iddia edirlər

Türkiyədən qayıdan Naxçıvan sakinləri sərhəd-keçid məntəqəsindən keçdikdən sonra yerli polislər tərəfindən müxtəlif bəhanələrlə pullarının alındığını iddia edirlər.

Bir qrup sakin “Gündəlik Naxçıvan” səhifəsinə bildirib ki, polislər əsasən gömrük ərazisində siqaret çəkmək və ya siqaret kötüyünü yerə atmaq iddiası ilə onlardan rüşvət tələb edir, pul vermədikləri halda isə həbslə hədələyirlər.

Siqaret çəkmədiyini deyən Şiraz Quliyev iddia edib ki, polislər onu “siqaret kötüyünü yerə atmaqda” ittiham ediblər:

“Mən 22 ildir ki Türkiyədə yaşayıram. Ailəm üçün işləyib çörək pulu qazanıb göndərirəm. Arada bir gəlib-gedirəm. 2 gün əvvəl Türkiyədən gələrkən Sədərək gömrüyünün qabağında maşın gözləyirdim. Polis yaxınlaşıb dedi ki, siqaret kötüyünü yerə atmısan, ya 300 manat verəcəksən, ya da idarəyə aparacağıq. Nə qədər izah etsəm də ki, mən siqaret çəkən deyiləm, xeyri olmadı. Dedilər ki, pulu verməsən, “müqavimət göstərdi” deyib, içəri basacağıq. Məcbur qaldım, verdim o pulu. Qəbz istədim, mənə güldülər. 300 manat mənim Türkiyədəki bir aylıq maaşımın yarısıdı. Sonradan baxdım ki, başqalarına da yaxınlaşıb, eyni üsulla şərləyib, rüşvət alırlar.”

Digər şikayətçi Samir Həsənov isə bildirib ki, polislər onunla yanaşı daha iki nəfərdən də eyni üsulla pul alıblar.

“Gömrükdən çıxdıqdan sonra yol kənarında bizi aparacaq taksinin gəlməsini gözləyirdik. Mən və iki səfər yoldaşım açıq havada siqaret yandırdıq. Bu zaman yaxınlıqda dayanan polis maşınından iki polis bizə yaxınlaşdı. Dedilər ki, siqaret çəkmək olmaz. Açıq hava olduğunu, siqaret qadağasıyla bağlı lövhənin olmadığını bildirsək də, xeyri olmadı. Hərəmizdən 300 manat rüşvət istədilər. Birtəhər razılaşıb, üçümüzə 600 manat verib, yaxamızı qurtardıq. Bizi maşına basıb, polis idarəsinə aparmaq istəyirdilər.”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələlik münasibət bildirməyib.