Tale Bağırzadә: "Bu, insanlığın qәtl edilmәsidir"

Qobustan hәbsxanasında saxlanılan Müsәlman Birliyi Hәrәkatının sәdri, ilahiyyatçı Tale Bağırzadә ictimaiyyәtә müraciәt ünvanlayıb. İlahiyyatçı müraciәtindә Nardaran hadisәsindә yaralanaraq hәrәkәt qabiliyyәtini itirmiş Әbülfәz Bünyadov barәdә narahatlığını ifadә edib.

Rakurs TV-ә daxil olan müraciәtdә deyilir:

"Dəyərli soydaşlarım, bacı və qardaşlarım!

Son dövrlər ölkədə baş verənlər elə həddə çatıb ki, artıq bu hakimiyyət hərisliyi, yaxud gücün nümayişi deyil, insanlığın gözümüzün qarşısında öldürülüb qətl edilməsidir. Mən Qobustan həbsxanasındayam, baş verənlərdən az xəbər tuta bilirəm. Amma bu az xəbər tutduqlarım da kifayət edir o qərara gəlim ki, artıq Azərbaycan hakimiyyətində təmsil olunanlar olan-qalan insanlığını da itirib özünü zillətə dücar etmək üçün əllərindən gələni edirlər.

Bilirsiniz ki, Nardaran hadisələri zamanı yaralanmış, yaralı ola-ola işgəncələrə məruz qalan Əbülfəz Bünyadov indi də təyziqə məruz qalır. Onu ev dustaqlığına buraxıblar, amma əslində, evini həm özünə, həm də yaxınlarına zindan ediblər. Bu hərəkətə nə ad vermək olar, mən bilmirəm, amma Allahın bu zülmü götürməyəcəyi kəsindir. Əbülfəz Bünyadovun baxılmağa, yaralarının sarğısının dəyişdirilməsinə , yataq xəstəsi olduğu üçün qayğıya və həkim nəzarətinə ehtiyacı olduğu halda son ayda onu bundan məhrum etmək, evə gələn həkimi belə yanına buraxmamaq, sarğısını dəyişən qohumlarının bunu etməsinə icazə verməmək nədir, əgər vicdanları tam ölməyibsə, bu sualın cavabını qoy bütün bunları edənlər özləri özlərinə versinlər.

Mən burdan ölkə daxilində fəaliyyət göstərən bütün hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət edərək xahiş edirəm ki, bütün baş verənlərə təkcə bir hüquq müdafiəçisi kimi deyil, vicdanlı insan kimi də öz etiraz səslərini ucaltsınlar. Bizlər bu ölkədə insani rəftar, ədalətin bərqərar olması üçün yol aldıq və əmin edirəm ki, Uca Allah bu qədər gözəl bir ölkəni cəhənnəmə çevirmişlərin cəzasını da məhz haqq deyib yola çıxanların birliyi ilə verəcəkdir.

Qobustan həbsxanası, Tale Bağırzadə"

Hazırda yataq xәstәsi olan Әbülfәz Bünyadov mәtbuata açıqlamasında yaxınlarının, hәtta hәkiminin belә onun yanına buraxılmadığını bildirib.

Похожее изображение