Şeyx əl-Xətib hökuməti "Şimali Litani" ilə bağlı xəbərdar etdi

Livan Ali Şiə İslam Şurasının vitse-prezidenti Şeyx Əli əl-Xətib hökuməti İsrailin davam edən qanun pozuntularına diqqət çəkərək, Şimali Litanidə silah məhdudiyyətləri ilə bağlı tələsik addımlardan çəkinməyə çağırıb.

Şatila bölgəsindəki İmam Sadiq məscidində böyük kütlə qarşısında çıxış edən Şeyx Əli əl-Xətib regional təhdidlər və Livanın daxili işləri ilə bağlı strateji xəbərdarlıqlar edib.

Bazar ertəsi günü keçiriləcək Nazirlər Şurasının iclasının gündəliyindəki "Şimali Litanidə silah məhdudiyyəti" planına toxunan əl-Xətib Livan hökumətinə tənqidi müraciət edib.

İsrail düşməninin atəşkəsi pozmaqdan çəkinmədiyini, Livan ərazilərini işğal etməyə davam etdiyini və insanların evlərinə qayıtmasının qarşısını aldığını xatırladan əl-Xətib deyib: "Düşmən təcavüzünü davam etdirərkən, Livanın strateji aktivlərini itirməsinə səbəb olacaq tələsik güzəştlərdən qaçınmaq lazımdır. Hökumət bu məsələyə rasional sağlam düşüncə ilə yanaşmalıdır."

Livanın dərinləşən sosial yaralarına toxunan əl-Xətib, məcburi köçkünlərin dramına, artan işsizliyə və universitet məzunlarının səksən faizinin iş tapa bilməməsinə diqqət çəkib.

Bekaa bölgəsindən olan nümayəndə heyəti ilə görüşünü xatırladan Şeyx Xətib, Livanın "qoruyucu qalxanı" olan bu bölgənin laqeyd edilməməli olduğunu bildirib.

Baş naziri bölgəyə şəxsən baş çəkməyə dəvət edən əl-Xətib, məhbusların vəziyyətini yaxşılaşdırmaq üçün "Ümumi Əfv" qanununun qəbul edilməsi ilə bağlı Prezident Cozef Aunun, Parlamentin sədri Nəbih Bərrinin və Baş nazir Nəvaf Salamın yüksək gözləntilərini ifadə edib.

Xütbəsindən sonra əl-Xətib İran Mədəniyyət və İslam Əlaqələri Təşkilatının vitse-prezidenti Məhəmməd Hüseyn Puru qəbul etdi və İran İslam Respublikasının müsəlmanların hüquqlarının qlobal miqyasda müdafiəsindəki mərkəzi rolunu vurğulayıb.

Qərbin sui-qəsdlərinə və mühasirəsinə baxmayaraq, İranın elmi, hərbi və inkişaf sahələrindəki nailiyyətlərini tərifləyən Əl-Xətib, ərəb və İslam dünyası liderlərini "sionist təhdidi"nə qarşı iradələrini birləşdirməyə və İranla əməkdaşlığı gücləndirməyə çağırıb.

O, sonda Quran mədəniyyətinin Qərb mədəni işğalına qarşı "həyatın konstitusiyası" kimi yayılmasının həyati əhəmiyyət kəsb etdiyini bildirib.