Rusiya nefti dünya qiymətlərinin yarısına satılır

Rusiyanın "Urals" neftinin bir bareli yanvarın 6-da 38 dollardan aşağı satılıb. Bu, Moskvanın Ukrayna müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq üçün Avropa İttifaqı  və G7 ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanından aşağıdır. 

Toplum TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Argus" müstəqil qiymət agentliyinin məlumatlarına istinadən xəbər verir.

"Argus"-un məlumatına görə, cümə günü "Urals" neftinin bir bareli Primorsk limanında 37,80 dollara satılıb. Həmin gün "Brent" markalı neftin bir barreli isə 78 dollardan baha olub.

"Bloomberg" yazır ki, Qərbin sanksiyaları Rusiyanın Çin və Hindistandan asılılığının artmasına səbəb olub. Bu iki ölkə, eləcə də Türkiyə hazırda Rusiya neftinin əsas alıcılarıdır. Agentlik qeyd edir ki, indiki vəziyyətdə Moskva Yaxın Şərqdən gələn təkliflərlə rəqabət aparmaq üçün öz neftini aşağı qiymətə satmağa məcburdur.

"Bloomberg" həmçinin Çin, Hindistan və Türkiyəyə tədarük olunan neftin həcminin 10 həftənin ən aşağı səviyyələrinə düşdüyünü bildirir. Agentlik bildirir ki, Türkiyəyə çatdırılmaların kəsilməsi "xüsusilə dramatik" olub. Belə ki, gəmi izləmə məlumatlarına görə, Rusiyadan sentyabr ayında gündəlik demək olar ki, 400 000 barelə yüksələn idxal son dörd həftədə gündə 21 000 barelə qədər azalıb. Məlumata görə, bu, ötən ilin fevral ayının sonunda Ukraynada hərbi əməliyyatların başlamasından əvvəlkindən də aşağıdır.

Dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqı ölkələrinə dəniz tədarükünə embarqo, habelə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi qüvvəyə minib. Bu barədə Avropa İttifaqı, G7 ölkələri və Avstraliya qərar çıxarıb.

Qiymət tavanının və Rusiya neftinin dəniz yolu ilə tədarükünə qadağa qoyulmasının ilk həftəsində Rusiyadan ixrac 54% azalıb.

Rusiya Prezidenti Vladimir Putin cavab olaraq Rusiya nefti və neft məhsullarının tavan qiymətindən istifadə edən ölkələrə tədarükü qadağan edib.