Qaçan məhbus: Fədayə Laçın şəkillərimizi çəkirdi

Bakıda "Qoca" ləqəbli Etibar Məmmədovla birgə qatardan qaçan Əli Ağaminin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

O, özünü qismən təqsirli bilib.

Ə.Ağami yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul etdiyini söyləyib.

O, ifadəsində hadisə barədə danışıb: “Biz qətldə ittiham olunaraq 7-8 dəfə Lənkərəna etap olunmuşduq. Məhkəməyə kimi mən Masallıda, Etibar Məmmədov Lənkəranda, Tahirlə Əfsər isə Astara, Biləsuvar və ya Cəlilabad polisinin Müvəqqəti Saxlanma Yerində qalırdı. Çünki bizim düşmən olduğumuzu hesab edirdilər, buna görə də bir yerdə saxlamırdılar. Oktyabrın 21-də Lənkərnada etap olunmaq üçün dustaqlarla birgə “Voronok”la xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun adlı şəxs üzərimizə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi, onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən biraz söhbət edəndən sonra kamerama qayıtdım. Masallıya çatanda polis əməkdaşları məni təhvil alaraq polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə geri qayıdacağımı bildirdi. Səbibini soruşduqda isə “keçən dəfə siz problem yaratmışdınız və bizə heç bir problem lazım deyil. Ona görə də sizi saxlamayıq geri qaytararıq” deyə cavab verdi. Çünki bir etap əvvəl bizlə birgə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü doğramışdı və proses yarımçıq qalmışdı. Məhəmməd həmişə Etibara görə tutulduğunu deyirdi və onu harda görsə söyürdü. Buna görə də münasibətləri yaxşı deyildi. Məhəmməd ona kömək etməsini tələb edirdi, Etibar da kömək edəcəyini deyirdi. Həmin gün saat 17 radələrində məni yenidən vaqona qaytardılar, Etibarla Məhəmməd ordaydı. Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu. Etibar məni öz kamerasına apartdırdı. Orada biz söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq".

Ə.Ağami qeyd edib ki, E.Məmmədov ona qatardan qaçmağı təklif edib: "O dedi ki, “mən sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəyəm, amma mən sənə qaçmaqla kömək edə bilərəm”. Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım. Etibarda mobil telelfon var idi, kimlərləsə danışırdı. Mənə söylədi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər. Səhər saat 05 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın Etibar açarı çıxarıb 6 “zamok”la bağalanan pəncərəni açıb, platformaya tullandı. Bu vaxt qatar dayandı, mən də ayaqlarımı pəncərədən çıxarıb, yerə düşdüm. Hava işıqlı idi, amma bizi görən olmadı. Maşınla bizi gözləyəcək adamları tapmadım, gəzərək evlərin arasına girdik. Etibar həmin şəxslə telefonla danışdı, onlar gecikdiklərini dedilər. Biz taksiyə minib, Etibar deyən istiqamətə getdik. Daha sonra Şadlıq sarayı olan yerdə düşüb bizi qarşılayacaq maşına mindik. Vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını dedi. O, sürücüyə tapşırdı ki, Lökbatan qəsəbəsinə sürsün. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik, Etibar söylədi ki, əvvəllər onunla həbsdə olan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam başqa maşınla Şirvan şəhərinə getdik, mən orda Etibardan ayrılıb evimizə tərəf yollandaım. Həyətimizdə qonşular var idi, ona görə qonşunun həyətindən keçib evimizə girdim. Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq dövlətə səslənən video müraciət çəkdim və aidiyyatı üzrə göndərdim. Ondan sonra valideynlərimə dedim ki, polisə zəng edib desinlər. Oktyabrın 26-sı günüorta saatlarında Bakıdan gələn polislər məni evimizdən götürüb Bakı İstintaq Təcridxanasına gətirdilər".

O, E.Məmmədovun açarı haradan aldığını bilmədiyini söyləyib: "Bu bardə heç soruşmamışdım da. Biz hər dəfə etap olunanda Etibarla birgə rəis Ceyhun Səmədovun xidməti otağında onunla söhbət edirdik, başqa dustaqlar da rəisin xidməti otağına gediridlər. Mənim Etibarla dostluğum qeyri-səmimi olub. Çünki onun etdiyi cinayətə görə həbsə düşmüşəm, amma özüm o cinayətdə iştirak etməmişəm. Etibar cinayəti törətdikdən sonra bəzi problemlərinin olduğunu deyib,.onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi, daha sonra gəlib əməlini etiraf edəcəyini bildirdi, amma sözünün üstündə durmadı. Mənim qaçmaqda məqsədim o idi ki, evə gəlib həmin videonu çəkim. Biz vaqonda olarkən Etibarla şəkil çəkdirmişik, şəkilləri Etibarın tanışı müğnni Fədayə Laçın öz telefonu ilə çəkirdi".

report.az