Paşinyan: "Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırıq"

"Ermənilərin təhlükəsizliyinə təminat verilməlidir”
"Ermənistan erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır”.
Bunu mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
"86 min 600 kvadrat kilometrə Dağlıq Qarabağ ərazisi də daxildir. Əgər biz bir-birimizi düzgün başa düşsək, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə 29 min 800 kvadratkilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıyır”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərini Bakı-Stepanakert (Xankəndi) danışıqları formatında müzakirə edilməlidir.
Baş nazir deyib ki, onların vəzifəsi danışıqları mümkün qədər tez başa çatdırmaq və sənədi imzalamaqdır: "Komandamız çox çalışır”.
İyunun 1-də Kişinyovda sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı Paşinyanın cavabı belə olub: "Biz dördüncü dəfədir ki, saziş layihəsi ilə bağlı təkliflərimizi Azərbaycana təqdim edirik. Əgər məlum olsa ki, Azərbaycan tərəfimizdən göndərilən təkliflərə bu həftə öz reaksiyalarını verəcək və təhlil üçün bir həftə kifayətdirsə, kompromislər çərçivəsində yanaşmaları məqbul hesab etdiyimizi görəcəyik, niyə də olmasın”.
Ancaq Nikol Paşinyan Moskvada Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edib: "Mən bunun real olduğunu düşünmürəm. Bu görüşə çox az vaxt qalıb. Amma kommunikasiyalar açmaqla ortaq məxrəcə nail olmaq olarsa, mən bunu istisna edə bilmərəm”.
Paşinyan onu da bildirib ki, KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərməyəcək. Bunun səbəbi onların Ermənistanın ərazi bütövlüyün tanımamalarıdır.
"Əgər KTMT bunu bəyan edərsə ki, Ermənistan ərazisi nə qədərdir, o zaman problemlərin 90 faizi aradan qalxacaq”, – deyə Paşinyan əlavə edib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan Qərbdən Rusiya ilə münasibətlərin pisləşməsinə ehtiyac olduğuna dair siqnallar almır: "Siqnallar ikitərəfli əlaqələr və ya onların inkişafı ilə bağlı ola bilər. Rusiyaya gəlincə, biz rusiyalı həmkarlarımızla ikitərəfli münasibətlərimizi kifayət qədər şəffaf müzakirə edirik və bu müzakirələrdə qaranlıq nöqtələr yoxdur”.
Mayın 19-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb. Mayın 25-də Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan görüşəcək.
Azərbaycan Prezidenti İlham Əliyev də: "Sülh anlaşmasının imzalanması qaçılmazdır”, - deyib.
"Report”un xəbərinə görə, İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək”, – dövlət başçısı qeyd edib.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
"ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
 
arqument.az