“Halk TV”nin sahibi BBC-yə: Türkiyə hakimiyyəti kanalı “məhv edib”

Türkiyədə müxalifətə yaxın “Halk TV” kanalının sahibi Cafer Mahiroğlu hakimiyyətin ölkənin ən çox izlənilən xəbər kanallarından birini “məhv etdiyini” deyib. Londonda yaşayan iş adamı bunu bu həftə kanalla bağlı doqquz nəfərin saxlanılmasından sonra bildirib.

BBC-nin “Newshour” proqramına danışan Mahiroğlu bildirib ki, kanal ötən ay dövlət nəzarətinə keçəndə saxlanılanlar arasında onun ailə üzvləri də olub. O, özünə və “Halk TV”yə qarşı irəli sürülən ittihamları “tamamilə yanlış” adlandırıb və Türkiyəyə qayıtmağa cəhd edəcəyi halda həbsxanaya göndərilə biləcəyini deyib.

“Hökumət bütün medianı nəzarətdə saxlamaq istəyir. Mən kanalımdan çox ölkəm və demokratiyam üçün narahatam”, - Mahiroğlu deyib.

İstanbul Baş Prokurorluğu bu həftə saxlanılan doqquz nəfərin arasında kanalın iki keçmiş aparıcısının olduğunu açıqlayıb və onları pul müqabilində “yalan xəbərlər” hazırlamaqda ittiham edib. Şübhəlilərə çirkli pulların yuyulması, rüşvət və yanıldıcı məlumat yaymaq ittihamları irəli sürülür. Prokurorluq xaricdə olan xəbər koordinatoru Kürşad Oğuz barəsində də saxlanılma qərarı verildiyini bildirib.

Türkiyə hakimiyyəti ötən ay “Halk TV”nin baş ofisində axtarış aparıb, kanalın canlı yayımı dayandırılıb və ona hökumətin təyin etdiyi qəyyum gətirilib. Bu ayın əvvəlində müxalifətə yaxın “Sözcü TV” də eyni qaydada nəzarətə götürülüb.

Türkiyə hökuməti media işçilərinin jurnalist fəaliyyətinə görə saxlanılmadığını bildirir. Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi sayılan İstanbul meri Əkrəm İmamoğlu korrupsiya və seçki qanunvericiliyini pozmaq ittihamları ilə həbsdədir; o və partiyası ittihamları rədd edir.