İran və Türkiyə birlikdə Uhud döyüşünün bayraqdarı şəhid Müsəb ibn Ümeyrin həyatından serial çəkir

Çəkilişləri İranda başlayan "Müsəbin dəvəti" serialında türk və iranlı aktyorlar bir araya gətirilib. Türk rejissor Cem Akyoldaşın rejissorluğu ilə çəkilən serialın çəkilişləri təxminən iki aydır ki, İranda davam edir. Serial 16 bölümdən ibarət olması planlaşdırılır.

Film İslam tarixində əhəmiyyətli şəxsiyyəti olan Müsəb bin Ümeyrin həyatını özündə əks etdirəcək. Filmdə aktyor heyətinə Zeynep Erunat, İlker Kaleli, Emre Kıvılcım, Vural Danacı, Ozan Bat, Mürşit Ağabağ, Teoman Kumbaracıbaşı, Cem Uçan və Halil Demir daxildir. Serialda Həmzə obrazını Cem Uçan, Əbu Ləhəb obrazını isə Kadim Yaşar canlandıracaq.

Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçan Müsəb Efiopiyaya köçür və bundan sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur.

Müsəb ibn Ümeyr, digər müsəlmanlardan əvvəl Mədinəyə hicrət edən ilk müsəlman olmuşdur. Müsəlmanların Məkkədən Mədinəyə hicrətindən sonra Müsəb ibn Ümeyr müsəlman cəmiyyətinin möhkəmlənməsində fədakar fəaliyyətini davam etdirir. O, Bədr və Uhud döyüşündə müsəlmanların bayraqdarı olmuşdur. Uhud döyüşündə isə şəhid olmuşdur.