Kütləvi dəfnlər diyarı: Qəzza

İsrail rejiminin qırğınlarını davam etdirdiyi İslam torpağı Qəzzada, dağıntılar altından çıxarılan onlarla fələstinlinin cənazəsi üçün kütləvi dəfn mərasiminə hazırlıq gedir. Qəzzada üç ildir ki, amansızcasına həyata keçirilən soyqırımda 75 min günahsız insan vəhşicəsinə qətlə yetirilib.

Bəşəriyyət tərəfindən öz taleyi ilə tək-tənha üz-üzə qoyulan Qəzza müsəlmanları hər yeni qırğınla daha bir dəhşətli iztirab yaşayırlar. Son əsrin ən vəhşi soyqırımının baş verdiyi məkan olan Qəzza, faktiki olaraq kütləvi dəfnlər diyarına çevrilib. Qəzza zolağının mərkəzindəki Nuseyrat Qaçqınlar Düşərgəsində fələstinlilər, İsrail hücumları nəticəsində dağıdılmış evlərin xarabalıqlarından çıxarılan 50-dən çox cənazəni dəfn etməyə hazırlaşırlar.

Cənazələrin "Əl-Övdə" xəstəxanasının qarşısında keçiriləcək mərasimdən sonra torpağa tapşırılması nəzərdə tutulur. İsrail terror rejiminin hücumları nəticəsində həyatını itirən Əl-Təvil ailəsinin üzvlərinin qohumu Əbu Ənəs əl-Təvil bildirib ki, onlar dünyasını dəyişənlərlə "Əl-Övdə" xəstəxanasının qarşısında vidalaşmaq üçün hazırlıq görürlər.

Baş verən hadisələrlə bağlı dərin kədər və qəzəbini ifadə edən Əl-Təvil, "qırğın" kimi xarakterizə etdiyi hücumlara görə İsraili, ABŞ-ı və sionist rejimi dəstəkləyən ölkələri məsuliyyətli hesab etdiyini bildirib.

Əl-Təvil dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Hənəfi ailəsindən olan iki uşağın nənəsi Qadə əl-Hənəfi, "Mühəndislər Qülləsi"ndə (Engineers' Tower) ailəsinin çoxsaylı üzvünün, o cümlədən uşaqların həyatını itirməsi barədə danışıb.

Dağıntılar altında qalanların xilas edilməsi üçün çağırış edən Hənəfi xüsusilə uşaqlara diqqət çəkərək deyib: "Kaş ki, uşaqlarımızı, balalarımızı oradan çıxara bilsəydilər". Dağıntılar altından çıxarılan və dəfn mərasimini gözləyən günahsız Qəzza sakinlərinin cəsədləri üzərinə sərilmiş Fələstin bayraqları, müqəddəs amallar uğrunda canını fəda etməyin təsirli bir nişanəsi idi.