Cəmil Həsənli: ““Əkinçi” qəzeti milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında”

Cəmil Həsənli: ““Əkinçi” qəzeti milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında”

Həsən bəy Məlikov-Zərdabi mətbuat vasitəsi ilə ailə quran ilk azərbaycanlıdır. O, 1865-ci ildə Moskva Universitetini bitirən ilk azərbaycanlılardan biri idi və ailə qurmağa savadlı müsəlman qızı axtarırdı.

Bir gün Tiflisdə nəşr olunan “Qafqaz” qəzeti 1872-ci il sayında Tiflis Gimnaziyasını bitirən qızların siyahısını dərc etmişdi. Bu siyahını oxuyan Həsən bəy Tiflisə getmiş və həmin siyahıda adıkeçən tənha müsəl­man qızı, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olmuş, Hənifə xanımın razılığını alan kimi gimnaziyaya “bir molla dəvət edərək məktəbdə nikah əqd etdirmişdi”. Hazırda zəmanəmizdə internet üzərin­dən ailə qurmaq ənənəsinin yaranmasını nəzərə alsaq, hələ XIX əsrin 70-ci illərində mətbuatın vasitəçiliyi ilə ilk uğurlu ailə həyatı quran Həsən bəy Zərdabi olmuşdur.

Rusiya müsəlmanları arasında türk dilində ilk qəzet nəşr edən də Həsən bəy olmuşdu. O qəzetin adı “Əkinçi” idi və birinci sayı 1875-ci ilin iyul ayının 22-də nəşr edilmişdi. “Əkinçi” necə, hansı zərurətdən yaranmışdı?

Onun naşiri Həsən bəy sonralar yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur (red.: zamanla) ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”. (“Həyat” qəzeti, 1905, 28 dekabr)

Zərdabi böyük bir mütəfəkkir olaraq hər kəsdən daha öncə anlamışdı ki, milli kimliyə gedən yol elmdən, məktəbdən keçməlidir. Ona görə də o, hələ “Əkinçi”nin birinci nömrəsində xəbər verirdi ki, qəzetin əsas qayələrindən biri elmi xəbərləri yaymaq olacaqdır. Ticarət və siyasi xəbərlərdən də məlumat verəcəyini Həsən bəy öz oxucularına vəd edirdi. O, qəzet vasitəsi ilə xalqa müraciətində yazırdı: “Ey müsəlmanlar! Gərək zəmanə ilə saziş etmək! Zəmanənin təqazasına (red.: tələbinə) görə iş görmək! Əgər görməsək, zəmanə özü-özünə bizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər keçər”.

Həsən bəy böyük həyacanla “Əkinçi”nin 1875-ci ilin sentyabr ayının 20-də çıxan sayında yazırdı ki, “Bizim ilə zindəganlıq (red.: həyat, yaşayış) edən millətlər elm təhsil edirlər. Ona binaən (red.: buna görə, əsasən) gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq”.

Zərdabi Qafqaz müsəlmanları arasında islam ümmətindən türk millətinə keçidin ideya müəllifi və əməlpərvəri idi. O, Azərbaycanın üsuli-cədid məktəblərinin carçısı, yeni dövrün ilk müəllimi, ilk teatr qurucusu, ilk türk qəzetçisi idi. Bu yolda böyük mücadiləyə başlayan Həsən bəy milləti öz kimliyinə tapındırmaq üçün ictimai bir çağırış orqanı kimi “Əkinçi”ni qoydu ortaya, hədəfləri göstərdi və həqiqətləri qandırdı. Həsən bəy milli kimliyə gedən yolun milli dildən və milli mətbuatdan keçdiyini aydın şəkildə əsaslandırırdı və deyirdi: “Qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim (red.: möhkəm duran) edir, ona binaən hamı millətlər səy edib qəzet və jurnallar çap etdirirlər ki, qeyri millətlər arasında payimal (red.: məhv edilmiş) olmasınlar”. Məhz bu xüsusiyyətini nəzərə alaraq amerikalı alim Tadeuş Svyatoçovski haqlı olaraq yazır ki, “öz naşirinin Moskvada keçirdiyi tələbəlik illərindən miras qalan xalqçı görüşləri ilə səsləşərək “Əkinçi” kəndli təbəqəsinə xas olan xalq ruhunu oyatmaq niyyəti güdürdü”.

“Əkinçi” qəzeti milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında. O qeyd edirdi ki, “biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil? Bəli, biz hamımız quluq və buna səbəb bizim ata-baba adətləridir. Xülasə, Məşriq-zəmində (red.: Şərq aləmində) azadlıq olmadığından biz Avropa əhlin­dən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik”. (“Əkinçi”, 1877, 9 iyun).

“Əkinçi” qəzeti böyük ürək ağrısı ilə bütün müsəlman aləmini mədəniyyət müftəxoru hesab edirdi. Bu ağrının nəticəsi olaraq ölümündən az əvvəl Həsən bəy Üzeyir Hacıbəylidən xahiş etmişdi ki, xalq musiqisindən ibarət bir opera yazsın. Həsən bəyin ölümündən az sonra, 1908-ci ilin yanvar ayında tamaşaya qoyulan “Leyli və Məcnun” operası məhz belə yaranmışdı.

Azərbaycanda üsuli-cədid (müasir) məktəblərin banisi olan Zərdabi hələ 1876-cı ildə həyəcan zəngi çalaraq “Əkinçi”də yazırdı: “Ey millət təəssübü çəkən qardaşlar, aləmi-məhşərdə “Vaümməta!” (red.: “Vay ümmətim!” – ümmətimin halına heyfsilənmə) deyən peyğəmbər olacaq. Amma indi biz elə biəhəmiyyət olmuşuq ki, xaricilər “Vamilləta” (red.: “Vay millətim!” – millətin taleyinə yanma) deyib öz işlərini möhkəm edən vaxtda (biz) “Vanəfsə” (red.: “Vay özüm!”)  deyib nə ki milləti işlərimizə rövnəq vermirik, hətta zəhmət çəkib elm təhsil edənlərimizi incidib qovmaq ilə millətimizi kor edirik. Pəs vaxt keçməmiş elm kitabları gətirib, məktəb­xa­nalar bina edib, öz dilimizdə təhsili-üluma (red.: elm təhsili) məşğul olun ki, müsəlmanlıqda qaim olasınız. Mıx bərk vurulduqca onu çıxarmaq çətin olur. Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq (red.: yaxınlıq etmək) çətindir, siz danışdığınızı onlar başa düşməyib, əfalınızı (red.: işlər, əməllər) şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Doğrudur, qeyri-millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarınızı əməli-xeyrə vadər edin, qoy şüəralar sizi həcv etsin (red.: şairlər sizi satirik şəkildə tənqid etsin), mollalar lənət oxusun, əhamünnas (red.: adi insanlar) daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və başəkk (red.: şübhəsiz), gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar”. (“Əkinçi”, 1876, 11 iyun)

“Əkinçi” cəmi 2 il çıxdı (1875-1877), amma 2 əsrdir ki, ondan danışırlar. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı ki, “Əkinçi” yeni Azərbaycanın, onun dilinin, şeiriyyətinin, xalq nəğmələrinin, ədəbiyyatının, tarixinin həyəcan doğuran rəmzinə çevrilmişdi. Onun fikrincə, XIX əsrin 70-ci illərində bu qəzetin nəşri “Həsən bəyin bir sıra sahələrdə birinci olmaq şərti ilə doğma xalqına xidmətinin ən yüksək zirvəsi idi. Bu mühüm işi görməklə Həsən bəy xalq yaddaşından silinməyən, öz milləti üçün qaranlıqda yol göstərən mayak ucaltmış oldu. Həmin mayakı zəkasının nuru ilə işıqlandırdı”.