Tərlan Sayadov yenidən Umbakı qapalı müəsisəsinə geri qaytarılacaq

2026-cı il may ayının 10-da Umbakıdan 10 saylı cəzaçəkmə müəsisəsinə köçürülən inanclı Tərlan Sayadov yenidən Umbakı qapalı müəsisəsinə köçürüləcək. Bu barədə məlumatı Sayadovlar ailəsi verib. Onların bildirdiyinə görə müəsisəyə köçürülən andan Tərlana bildirilib ki, rəhbərlik onu burada görmək istəmir deyə onu “zona” buraxmayacaqlar.

Karantin müddəti bitməmiş karserə salınan inanclıya ardıcıl növbəti karser cəzası tətbiq edilib. Sonuncu karserin başlanğıcında, iyulun 7-də həbsxana daxili məhkəmə keçirib və hakim T. Sayadovun həbsinin qalan son 8 ay 4 günlük müddətinin hamısını Umbakı ciddi qapalı müəsisədə çəkməklə bağlı hökm verib.

Son dövrlər istisnasız olaraq Umbakı ciddi qapalı müəsisədən köçürülən bütün siyasi məhbuslar eyni aqibəti yaşayırlar. Köçürüldükləri müəsisə elə kandardaca onlara bildirir ki, “geriyə Umbakıya qayıdacaqsız deyə sizi müəsisəyə buraxa bilmərik.”

Eyni aqibəti siyasi məhbus Tərlan Sayadov da yaşayıb və məhkəmənin bu qərarı onun üçün təəccüblü olmayıb. İyulun 15-i Tərlanın karser müddəti bitir və yəqin ki, bundan sonra o geri Umbakıya göndəriləcək.  

Xatırladaq ki, Tərlan Ağacan oğlu Sayadov 2024-cü il martın 15-də saxlanılıb. Ona qarşı saxta narkotik ittihamı irəli sürülüb və 2025-ci il iyunun 23-də məhkəmə qərarı ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.