Helsinki Komitəsi: Azərbaycanda müstəqillikdən bəri heç vaxt bu qədər qadın jurnalist həbsdə olmayıb

Azərbaycanın müstəqillik tarixində indiyədək heç vaxt bu qədər qadın jurnalist eyni vaxtda həbsdə olmayıb.

Norveç Helsinki Komitəsinin Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı açıqlamada belə deyilir.

Təşkilat bildirib ki, qadın jurnalistlərin təhlükəsiz olmayan şəraitdə saxlanılması onların sağlamlığı üçün ciddi risklər yaradır.

“Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazım olan tibbi yardım təmin edilmir. Xüsusilə “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş fiziki məhdudiyyətli şəxsdir, bir neçə əməliyyat keçirmiş və davamlı tibbi nəzarət tələb edən xəstəlikləri var. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yaradır”, - deyə komitə bildirib.

Açıqlamada qeyd olunub ki, Aynur Elgünəşlə yanaşı, “Abzas Media” və “Meydan TV” ilə əməkdaşlıq etmiş daha səkkiz qadın jurnalist də çirkli pulların yuyulması ittihamı ilə həbs edilib: “Söhbət Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Aytac Əhmədova, Aysel Umudova, Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ülviyyə Əlidən gedir”.

Norveç Helsinki Komitəsi həbsdə olan qadın jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırıb.

Azərbaycan rəsmiləri isə bir qayda jurnalistlərin həbslərinin peşə fəaliyyəti ilə bağlı olmadığını, onların konkret cinayət əməlləri üzrə istintaqa cəlb edildiyini bildirirlər.

2023-ci ilin noyarbrından bəri aralarında "AbzasMedia”, "Toplum TV" və "Meydan TV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 20-dən çox media nümayəndəsi həbs olunub.

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus sayılan şəxs var. Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti onları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.