Müsəlman Birliyi Hərəkatı (MBH) ruhani Mansur Vəlişova qarşı zorakılığı qınadı

İlahiyyatçı Mansur Vəlişovun sosial şəbəkələrdə yayılan səs yazısı ciddi narahatlıq və etirazlara səbəb olub. Umbakı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan ruhani burada məruz qaldığı işgəncələrdən, huşunu itirənədək fiziki zorakılığa məruz qalmasından bəhs edir. Bu hal həbsxanalarda növbəti özbaşınalıqların davam etdiyinin açıq sübutudur.
Ruhani bildirib ki, müəssisə rəhbərliyi ona heç bir hüquq tanımadan davranır və bu münasibət onun həyatını itirməsi ilə nəticələnə biləcək təhlükə siqnalıdır.
Məsələ ilə bağlı Müsəlman Birliyi Hərəkatı (MBH) bütün bu qeyri-insani, “gestapo” tipli həbsxanalarda baş verən vəhşilikləri qətiyyətlə pisləyir və hakimiyyətdən xüsusi olaraq şərlənərək həbs edilmiş ruhani Mansur Vəlişova qarşı vandallıq xarakterli addımlara son qoyulmasını tələb edir.
Mansur Vəlişov xalqın mənəviyyatı, inancı və dəyərləri uğrunda mübarizə aparan din xadimi olduğu halda, bu gün işgəncələrə məruz qalır. Təəssüf ki, bir xalqın qəlbinə bıçaq saplayaraq Xocalı soyqırımını törədən qatillər isə bu gün azadlıqdadır.