Avropa Məhkəməsi Gəncədə sökülmüş əmlaka görə 75 min avrodan çox təzminat təyin edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gəncədə sökülmüş əmlaka görə 75 min avrodan çox təzminat təyin edib.

“Azadlıq Radiosu”nun xəbərinə görə, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən, Verdiyevlər ailəsinə məxsus əmlak 2013-cü ildə Kəpəz Rayon İcra Hakimiyyətinin qərarı ilə sökülüb.

Verdiyevlər icra hakimiyyəti və yerli polis şöbəsinə qarşı məhkəmə iddiası qaldıraraq ümumilikdə 770 min manat təzminat tələb ediblər. Lakin yerli məhkəmə mülkiyyətçilərin yetərincə sübut ortaya qoymadığını əsas gətirərək iddianı təmin etməyib.

Gəncə Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladıqda, ərizəçilər Ali Məhkəməyə üz tutublar. Ali Məhkəmə işi yenidən baxılması üçün geri qaytardıqda, apellyasiya məhkəməsi bu dəfə ekspert rəyi əsasında icra hakimiyyətinin şikayətçilərə 50 min manat təzminat ödəməsi barədə qərar çıxarıb.

Verdiyevlər qərarla razılaşmayaraq yenidən Ali Məhkəməyə müraciət ediblər. Ali Məhkəmə isə yalnız mənəvi zərərə görə 2 min manat təzminat əlavə edib.

Şikayətçilər AİHM-ə ərizələrində əmlaklarından qanunsuz məhrum edildiklərini və ədalətli təzminat təyin olunmadığını bildiriblər. Onlar, həmçinin, əmlakın yerləşdiyi torpaq sahəsindən də istifadə edə bilmədiklərini qeyd ediblər.

AİHM Verdiyevlərin əmlakının qanunsuz söküldüyü və onlara ədalətli təzminat təyin olunmadığı qənaətinə gəlib.

"Yerli məhkəmələr maddi zərərə görə təzminat təyin edərkən yalnız bir səhifədən ibarət ekspert rəyinə əsaslanıblar. Həmin rəydə isə yalnız Dövlət Reyestrinə istinad edilib. Ancaq istifadə olunan qiymətləndirmə metodologiyası barədə heç bir izahat verilməyib", - qərarda deyilir.

Avropa Məhkəməsi yekunda Verdiyevlər üçün maddi zərərə görə 71,750 avro, mənəvi zərərə görə isə 3,700 avro təzminat təyin edib.