“Euronews” avtoritar rejimlərdən pul almaqda ittiham olunur: araşdırmada Azərbaycanla əməkdaşlıq da yer alır

“Euronews” telekanalının avtoritar rejimlərlə kommersiya sövdələşmələrindən gəlir əldə etdiyi iddia olunur. “Euractiv”in araşdırmasına görə, bu tərəfdaşlıqlar arasında Azərbaycan, Qazaxıstan və Özbəkistanda qurulan strukturlar da göstərilir.

Araşdırmada bildirilir ki, Avropa İttifaqından aldığı böyük həcmdə subsidiyalara baxmayaraq, illərlə zərərlə işləyən kanal son dövrdə qəfil mənfəətə keçib və bu dəyişiklik jurnalistikadan çox sərt qənaət siyasəti və yeni kommersiya razılaşmaları ilə izah edilir.

“Euractiv” yazır ki, “Euronews” fəaliyyəti boyunca zərərlə işləyib və ümumilikdə təxminən 180 milyon avro itki ilə üzləşib. İddia olunur ki, kanalın ayaqda qalmasında 350 milyon avrodan çox Aİ subsidiyası həlledici rol oynayıb.

Araşdırmada işçilərin ifadələrinə istinadən son illərdə maliyyə durumunun xüsusilə ağırlaşdığı, “həddindən artıq qənaət tədbirləri”nin tətbiq edildiyi, hətta ən təməl təminatların belə çatışmadığı qeyd olunur. Daha sonra genişmiqyaslı ixtisar dalğası baş verib və çox sayda əməkdaş işini itirib.

“Euronews”un son dövrdə mənfəətə keçdiyi bildirilir. “Euractiv”in araşdırması bu dəyişikliyin təkcə media fəaliyyətinin nəticəsi olmadığını, qismən sərt ixtisarlar və qismən də avtoritar idarəçiliklə tanınan ölkələrlə yeni kommersiya sazişləri ilə bağlı ola biləcəyini iddia edir.

Araşdırmada “Euronews”un Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə müxtəlif tərəfdaşlıqlara getdiyi və törəmə strukturlar qurduğu iddia olunur. Həmin ölkələr mətbuat azadlığının məhdudluğu ilə tanınan rejimlər kimi təqdim edilir. Kanalın, həmçinin, Çin dövlət televiziyası “CGTN” ilə də mümkün razılaşmaları araşdırdığı bildirilir.

Araşdırmada yeni maliyyə modelinin redaksiya işinə mənfi təsir göstərə biləcəyi iddia edilir: əməkdaşlar siyasi müdaxilə, özünüsenzura və xəbərlərin gecikdirilməsi kimi şikayətlər səsləndirirlər. Daxili məktubda 48 əməkdaşın “redaksiya müstəqilliyinin aşınması” barədə rəhbərliyə xəbərdarlıq etdiyi də qeyd olunur.

Bundan əlavə, yeni rəhbərlik strukturunun Macarıstanın baş naziri Viktor Orban, eləcə də media və telekommunikasiya sektorunda təsir imkanları olan sabiq siyasətçilər və investorlarla əlaqələr doğurduğu iddia edilir. Tənqidçilər bu vəziyyətin jurnalistika, lobbiçilik və kommersiya maraqları arasındakı sərhədi bulanıqlaşdırdığını deyirlər.

Araşdırmada bir məqam da vurğulanır: “Euractiv”in özünün də əvvəlki rəhbərlik dövründə avtoritar rejimlərlə kommersiya anlaşmaları olduğu, lakin bunun “Euronews”da iddia edilən miqyasda baş vermədiyi qeyd olunur. Bildirilir ki, “Euractiv” 2023-cü ildə Antverpendə yerləşən “Mediahuis” qrupuna satıldıqdan sonra yeni rəhbərlik bu tip razılaşmaları və Aİ maliyyəsinə söykənən bəzi layihələri azaltmağa başlayıb.

Ötən ilin noyabrında Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayıb. Açılışda şirkətin İdarə Heyətinin sədri Pedro Varqas David rəhbərlik etdiyi media qurumunun Azərbaycana qarşı “balanslı mövqe” nümayiş etdirdiyini və buna görə təzyiqlərlə üzləşdiyini deyib.

Azərbaycanda son iki ildə 30-a yaxın jurnalistin həbs edildiyi, 2025-ci ilin mart–aprel aylarında isə “BBC”, “Reuters”, “Amerikanın Səsi”, “Bloomberg” kimi beynəlxalq media qurumlarının yerli fəaliyyətinin məhdudlaşdırıldığı, həmçinin bir sıra müstəqil yerli media orqanlarının işinin çətinləşdiyi bir dövrdə “Euronews”un Bakı ofisinin açılması cəmiyyətdə müzakirələrə və tənqidlərə səbəb olub.