Lənkəran Penitensiar Kompleksinin rəisi qadın məhkumu öz otağında döyüb

Yanvarın 24-də Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərovun öz iş otağında qadın məhkumu döydüyü bildirilir.

Bu haqda həmin məhkumdan rəisə şikayət edən nəzarətçi İlkanə Bağırova qəbuldan qayıdandan sonra məhkumlara danışıb. O deyib ki, qəbul otağında qadın korpusunun rəisi Zamin Əliyev, nəzarətçi İlkanə Bağırova və məhkum olub.

Onun sözlərinə görə, rəis qadın məhkumun saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub. Nəzarətçinin əlavəsinə görə, rəis qadını döyərkən onun şərəf və ləyaqətini alçaldan ifadələr də işlədib.

Nəzarətçi İlkanə Bağırova deyib ki, o və qadın korpusunun rəisi Zamin Əliyev qarşılarında baş verən zorakılığa müdaxilə etməyib və hadisəni səssiz izləyiblər.

Ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb. Həmçinin ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxılıb.

Qadın məhkumun zədələrə görə həkim müayinəsinə aparılmasını istəsə də, bu tələbi yerinə yetirilməyib. Sözügedən qadın məhkum hələ də tez-tez rəisin qəbuluna aparılır və təzyiq altında saxlanılır.

Kompleksdə qadın məhkumlarla yanaşı kişi məhkumlar da döyülür. Mindən çox kişi məhkumun saxlanıldığı kompleksdə rejim üzrə şöbə müdiri Azər Bağırov onlara işgəncə verir.

Bu işgəncə səslərini yaxınlıqdakı təcridxanada saxlanılan qadın məhkumlar eşidir. Onlar Azər Bağırovun məhkuma müraciətlə “Diz çök, o...” dediyini, onları təpikləyib şillələdiyini eşidirlər.

Cəzasının bir hissəsini bu həbsxanada çəkmiş kişi məhbuslardan biri  “Abzas Media”ya burada onların ən müxtəlif səbəblərdən döyüldüklərini deyir. Bu səbəblərə geyimin fərqlənməsi, paltarın materialı, nəzarətçiyə və ya rəisə cavab qaytarılması, haqqın tələb edilməsi və sairə daxildir.

Onun sözlərinə görə, məhbusu bir nəfər döyürsə və təhqiramiz ifadələrlə alçaldırsa və əgər döyülən şəxs cavab qaytarırsa, o zaman 5-6 nəzarətçi həmin şəxsi döyməyə başlayır.

Kişi məhbus vurğulayır ki, bir məhkuma rəsmi nikahı olmadan kəbin sənədi ilə həyat yoldaşı ilə görüşə icazə verilsə də, sonradan bu, edilməyib və məhkum buna əsəbləşərək etiraz edib. Bundan sonra onu rəisin otağında bir neçə nəzarətçi döyüb.

Başqa bir məhbusun isə xəstəliyi olan yaxın qohumu ilə danışmaq üçün həftədə bir dəfə icazə verilən zəngdən əlavə vaxt istədiyinə görə döyüldüyü bildirilir.

Yazı dərc olunanadək aidiyyəti qurumlardan məsələ ilə mövqe almaq mümkün olmayıb.

Cəzaçəkmə müəssisələrinin Daxili İnzitam Qaydalarının 53-cü bəndində göstərilir ki, məhkumlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdır. Amma hər gün inzibati binaya çağırılan kişi məhkumlardan neçəsinin rəisin otağında işgəncə gördüyünü müəyyənləşdirmək olmur.

Rəisin ikiqapılı otağında baş verən bu zorakılıq səslərini səskeçirməz divarları udur. Buna görə prokurorluq əməkdaşlarını və Ombudsmanı kompleksə dəvət edirik ki, burada baş verən işgəncə hallarını araşdırsınlar.

Lənkəran Penitensiar Kompleksi 2024-cü ilin dekabrın istifadəyə verilib. Burada qadınlar üçün korpus 2025-ci ilin sentyabrın 3-də açılıb. Hazırda kompleksin istintaq idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın dustaq saxlanılır. Kompleksdə ümumi 1000 nəfərdən çox kişi dustaq cəza çəkir.

Kompleksin rəisi Babək İsgəndərov bundan öncə Bakıda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Cəzaçəkmə müəssisəsinin tavanı çöküb bir məhkum həlak olandan sonra orada olan 600 məhkum Lənkəran Penitensiar Kompleksinə köçürülüb və o, burada da rəis postunu tutub.

Sevinc Vaqifqızı
Elnarə Qasımova
Nərgiz Absalamova